Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
22 iyul ölkəmizdə Milli Mətbuat Günü - mətbuat və media nümayəndələrinin peşə bayramı kimi qeyd olunur.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu münasibətlə iyulun 21-də "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli və ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mediamıza diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.
Azərbaycan mətbuatının inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, böyük maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin səyləri ilə 150 il öncə nəşrə başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın inkişafında müstəsna rol oynayıb.
Ötən dövr ərzində mətbuatımız mədəniyyətimizlə birgə yol gəlib, onun üçün əsas təbliğat vasitələrindən olub.