Media: Kanada Almaniyadan sualtı qayıqlar almağı planlaşdırır

06.07.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Berlin, 6 iyul, AZƏRTAC

Kanada hökuməti yeni sualtı qayıqların inşasını Almaniyanın “Thyssenkrupp Marine Systems” (TKMS) şirkətinin rəhbərlik etdiyi konsorsiuma həvalə etməyi planlaşdırır.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Kanada tarixində ən iri hərbi sifarişlərdən biri olacaq layihənin ümumi dəyəri uzunmüddətli perspektivdə 61 milyard avronu ötəcək.

Məlumata əsasən, ilkin mərhələdə müqavilənin dəyəri təxminən 10 milyard avro olacaq. Sualtı qayıqların alınmasına 13-20 milyard avro xərclənməsi nəzərdə tutulur. Qalan vəsait isə onilliklər ərzində texniki xidmət, istismar və modernləşdirmə işlərinə yönəldiləcək.

Kanada hökuməti hazırda istismarda olan 4 köhnə sualtı qayığı 12 müasir gəmi ilə əvəz etməyi planlaşdırır. Yeni donanmanın Arktikada, Atlantik və Sakit okeanlarda daimi fəaliyyət imkanlarını genişləndirəcəyi bildirilir. Müqavilə hələ imzalanmasa da, yaxın günlərdə alman konsorsiumunun üstünlük verilən təchizatçı kimi elan ediləcəyi gözlənilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью