MEDİA sorğunun nəticəsini açıqladı

21.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə ictimai münasibətin, habelə sosial şəbəkələrdən istifadə səviyyəsinin və onların cəmiyyətə təsirlərinin öyrənilməsi məqsədilə ictimai rəy sorğusu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir. 16 yaşdan aşağı uşaqları olan respondentlər arasında bu qərarı dəstəkləyənlərin payı 91,2% təşkil edir. Həmin respondentlərin 67,9%-i övladlarının sosial şəbəkələrdən istifadə etdiyini, 87,5%-i isə bunun təhsil və tərbiyəyə mənfi təsir göstərdiyini bildirib. Həmçinin sorğu iştirakçılarının 93,1%-i sosial şəbəkə platformalarının dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun hesab edir.

Məlumat mənbələri üzrə respondentlərin 81,8%-i (gənclər arasında 94,1%) informasiyanı sosial şəbəkələrdən əldə edir. Sonrakı yerlərdə televiziya (55,9%), xəbər saytları (48,8%), ailə üzvləri və ətrafdakı şəxslər (37,9%), radio (5,8%), xarici media (4,8%), qəzet və jurnallar (2,8%) qərarlaşıb. Əsas istifadə məqsədi gündəmi izləmək olsa da (78,2%), respondentlərin yarısı qarşılaşdıqları məlumatların doğruluğunu ümumiyyətlə yoxlamır.

Bununla yanaşı, məlumat mənbələrinə ictimai etimad səviyyəsinə görə ilk yeri 64,6% ilə televiziya tutur. İkinci və üçüncü yerlərdə xəbər saytları (43,0%) və sosial şəbəkələr (31,4%) qərarlaşıb.

Qeyd edək ki, sorğu 2026-cı il iyulun 25-dən avqustun 2-dək üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda 18 yaşdan yuxarı 1200 respondent iştirak edib, cins, yaş və regionlar üzrə reprezentativlik təmin olunub. Xəta əmsalı ±3 faiz təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью