Media xadiminin “İstiqlal söhbətləri”

15.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dünən Mətbuat Şurasında Azərbaycan mətbuatının cəfakeş araşdırmaçısı media professoru ustad Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib.

Mərasimi giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, yeni çapdan çıxmış nəşrdə Əməkdar jurnalist, Real TV, rəhbəri Mirşahin Ağayevin müxtəlif illərdə Şirməmməd Hüseynovla həm ANS TV, həm də Real TV-də yayımlanmış müsahibələrinin, “Youtube”dəki səs yazılarının mətnləri toplanıb. Yazıları nəşrə AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimli hazırlayıb.

Şirməmməd Hüseynov dünyasını dəyişməsindən sonra həyat yoldaşı Ülkər Hüseynova ustadın bir sıra kitablarını nəşr etdirib. “İstiqlal söhbətləri” də onlardan biridir.

Real TV-nin rəhbəri Mirşahin Ağayev çıxışında nəşrin ərsəyə gəlməsində Ü.Hüseynovanın rolunu xüsusi vurğulayıb, ona təşəkkürünü çatdırıb. O, Şirməmməd Hüseynovun “tarix dünənin jurnalistikası, jurnalistika bu günün tarixidir” sözlərini xatırladaraq “İstiqlal söhbətləri”nin Azərbaycan mətbuat tarixinin tədqiqi baxımından müstəsna əhəmiyyətinə diqqət çəkib.

Çıxış edənlərdən “İstiqlal söhbətləri” kitabının redaktorları – Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər və MŞ İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, həmin fakültənin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, Modern Media Qrupunun rəhbəri Elşad Eyvazlı, BDU-nun milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu, multimedia və elektron kommunikasiya kafedrasının professoru Allahverdi Məmmədli, milli mətbuat tarixi kafedrasının dosenti Aygül Əzimova və başqaları təqdimatı keçirilən nəşri ustad Şirməmməd Hüseynovun xatirəsinə ehtiramın növbəti nümunəsi kimi dəyərləndiriblər.

Sonda Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova toplantı iştirakçılarına təşəkkürünü bildirib.

T.AYDINOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью