Medvedevin oğluna vəzifə verildi Hansı sahəyə nəzarət edəcəyi açıqlandı

02.02.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin oğlu İlya Medvedev hakim “Vahid Rusiya” Partiyasında yeni vəzifəyə təyin olunub.

“AzPolitika” RBK-ya istinadla xəbər verir ki, o, partiyanın innovasiya və texnoloji inkişaf üzrə yaradılan şurasının katibi olub.

Məlumata görə, İlya Medvedev şuranın fəaliyyətinin əlaqələndirilməsinə, həmçinin onun məzmun və ideoloji gündəminin formalaşdırılmasına cavabdeh olacaq.

Yeni yaradılan şuraya “Roskosmos” Dövlət Korporasiyasının baş direktoru Dmitri Bakanov rəhbərlik edəcək. Şuranın icraçı direktoru isə “Gələcəyin Texnologiyaları” fondunun rəhbəri, “Rusiya Liderləri. Siyasət” müsabiqəsinin finalçısı İlya Syomin olacaq.

Bildirilir ki, şura ekspertlər, biznes nümayəndələri, hakim partiya və dövlət strukturları üçün müzakirə platforması funksiyasını yerinə yetirəcək. Şuranın əsas vəzifələrindən biri “Vahid Rusiya”nın 2026-cı ildə keçiriləcək Dövlət Duması seçkilərinə gedəcəyi “Xalq proqramı”nın texnoloji blokunun hazırlanması və icrası olacaq.

Qeyd edək ki, 2023-cü ildə İlya Medvedevin Rusiyanın işğalı altında olan Ukrayna ərazilərinin sakinləri üçün onlayn xidmətlər təqdim edən “Mən Rusiyadayam” portalının koordinatorlarından biri olduğu məlum olmuşdu. “Vahid Rusiya” Partiyasında RBK-ya bildirilib ki, Medvedev bu layihədə partiya xətti ilə iştirak edib. Layihə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.

Araşdırmaçı “Sistem” layihəsinin məlumatına görə, İlya Medvedev 2022-ci ilin oktyabr ayından etibarən “Rostex” dövlət korporasiyasının törəmə şirkəti olan “RT-Biznesin İnkişafı” şirkətində baş direktorun müşaviri vəzifəsini tutur. O, burada investisiyalar və aktivlərin idarə olunmasına cavabdehdir və aylıq 270 min rubl maaş alır. Medvedevin “Rostex”dəki təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью