futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a böyük hesabla uduzdu – 1:6.
Görüşün, ümumiyyətlə, cütün favoriti olan “sağsağanlar”ın səviyyəsi ortadadır və “Qarabağ”ı məğlubiyyətə görə çox da qınamaq olmaz, ancaq…
İlk hissənin əvvəlində rəqibin güclü pressinqindən çaş-baş qalan “atlılar”ın müdafiəsi boşluqlar verdi. Ardıcıl qollardan sonra demək olar, dağılan komandaya əsas zərbə isə üçüncü qol oldu. İlk hissədə heç cür oyununu tapa bilməyən “Qarabağ” fasiləyə qədər bir qol da buraxdı və bununla da hər şey həll olundu. Futboldur, möcüzələr, sürprizlər var, lakin “Qarabağ”ın səfərdə “Nyukasl”ı 6 top fərqi ilə məğlub etməsi inandırıcı deyil futbolun reallığı var.
Reallıq demişkən, dünən “Nyukasl”ın sərgilədiyi futbol Azərbaycan futbolunun hələ nə qədər geridə olduğunu göstərdi. 2-3 ötürmə ilə təhlükə yaradan, sürətli qərarlar verən ingilislər əsl futbol dərsi keçdi. Komandanın mərkəz hücumçusu Nik Voltemadın hər dəfəsində müdafiəyə gəlib, topu alması və oyunu irəli aparması da forvardlar üçün yaxşı nümunə olmalıdır.
“Qarabağ” çox pis keçirdiyi ilk hissədə nə hücum etdi, nə qapıya zərbəsi oldu. Statistika da “Nyukasl”ın əzici üstünlüyünü göstərdi. Fasilədən sonra rəqibdə yaranan arxayınlıq, “Qarabağ” bir az diriləşməsi oyunun ortada getməsinə səbəb oldu. Düzdür, yenə “Nyukasl” daha çox şans yaradan tərəf oldu, lakin hücumları birinci yarıdakı kimi kəsərli deyildi.
Ümumilikdə nəticə ağır oldu. İngiltərə komandalarına qarşı son iki oyunda buraxılan 12 qol Azərbaycan futbolunun mövcud durumunu, Avropa futbolundan nə qədər geri qalmasını göstərdi. “Qarabağ”ın son dönəmlərdə sıçrayışı, əldə etdiyi nəticələr futbolumuzla bağlı gözləntilərimizi, iştahamızı artırsa da, “Nyukasl”la matç fonunda reallıq bir daha üzə çıxdı.
Şahin Cəfərov