“Məhbuslar ailəyə birbaşa buraxılmamalıdır” Hüquq müdafiəçisi

04.02.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Reabilitasiya mərkəzləri olmadan sərbəst buraxılan məhbuslar faciəyə səbəb olur

Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşının iki övladını baltalayan kənd sakini Əli Nağıyev müvəqqəti saxlanma müəssisəsində vəfat edib. Müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşamış və qısa müddət öncə cəza müddətini başa vuraraq həbsdən çıxan Ə.Nağıyev qardaşının evində yaşamağa başlayıb. Bir neçə gün əvvəlsə dəhşətli qətl törətmişdi. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Nağıyev saxlanılaraq müvəqqəti saxlanma kamerasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. Bu gün isə Ə.Nağıyevin ölm xəbəri yayılıb. Məlumata görə, o, 2 mərtəbəli çarpayıdan başı üstə yerə yıxılıb və ağır kəlləbeyin travması alıb. Ə.Nağıyev xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. İlkin məlumata görə, dəfələrlə məhkum olunan Nağıyev qaraciyərinin serrozu xəstəliyindən əziyyət çəkirmiş. 

Qeyd edək ki, 4 dəfə məhkumluq həyatı yaşamış Ə.Nağıyevin həbsxanadan birbaşa evə buraxılması, qardaşının ailəsi ilə eyni evdə yaşamasının ağır faciəyə gətirib çıxardığı bildirilirdi. 

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məhkumluq həyatı yaşamış şəxslərə fərdi yanaşma olmalıdır: 

- Məhbusların həbs müddəti başa çatdıqdan sonra onlar reabilitasiya mərkəzlərinə, xüsusi tibb müəssisələrinə yerləşdirilməli, həkim müayinəsindən keçirilməlidirlər. Xüsusən, əgər dəfələrlə məhkumluq həyatı yaşamış, ağır cinayətlərdə, qətl hadisələrində təqsirləndirilən şəxslədirsə, onlara yanaşma xüsusi olmalıdır. Bu şəxslər mütləq psixo-terapevt müayinəsindən keçməli, psixi durumları yoxlanmalıdır, sonra ailə içinə, qohumların yanına göndərilməlidir. Ağır cinayətlər törətmiş şəxsi qadın, uşaq olan evə necə birbaşa ötürmək olar?! Bu, doğru deyil. Gördük ki bu, necə dəhşətli faciəyə gətirib çıxardı. Yeniyetmə qızımız həlak oldu, qardaşı ağır yaralıdır. Ailə dəhşətli travma yaşadı. Bəlkə də həmin şəxs narkotik istifadəçisi olub, çünki normal bir insanın bu cür dəhşətli hadisə törətməsi mümkünsüzdür. İnsan nə qədər ağır xəstə olsa da, doğmasına, əzizinə xəsarət yetirməz. Məhbusların cəza müddətinin bitməsinə 6 ay qalmış onlar həm həkim-terapevt, həm də psixo-terapevt və psixoloq müayinəsindən keçirilməlidir. Narkoloji test aparılmalıdır, asılılığı var, ya yox. Həbsxana həyatı ağırdır. İnsan hər cür zərərli vərdişlərə aludə ola bilər. Amma sərbəst buraxılırsa, cəza müddəti bitirsə, mütləq əvvəlcə reabilitasiya müəssisəsinə yerləşdirilməli, həkim müayinəsindən keçdikdən sonra doğmalarının yanına getməsinə icazə verilməlidir. Biz niyə daim məhbusların cəmiyyətə adaptasyası problemini qabardırıq, elə bu cür hadisələr baş verməsin, məhbus həyatı yaşamış şəxs cəmiyyətin normal, tam hüquqlu üzvü olsun deyə. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью