“Mehdiyev işi”ndə hamını təəccübləndirəcək ssenari KONKRET

16.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin ağır cinayətlərdə ittiham olunduğu iş üzrə istintaq başa çatıb və cinayət işi artıq məhkəməyə göndərilib.

Ramiz Mehdiyev həbsxanaya göndərilə bilər? Məhkəmədə onu hansı cəza gözləyir və işin sonu necə olacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, cinayət işinin məhkəməyə göndərilməsi hüquqi baxımdan mühüm mərhələnin başa çatması deməkdir:

“Lakin bu, təqsirləndirilən şəxsin artıq təqsirli bilinməsi anlamına gəlmir. Konstitusiyanın 63-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Bu səbəbdən hazırkı mərhələdə Ramiz Mehdiyevin gələcək taleyi ilə bağlı “mütləq həbs ediləcək”, “uzunmüddətli cəza alacaq” və ya əksinə, “iş hökmən xitamla nəticələnəcək” kimi qəti fikir söyləmək hüquqi baxımdan düzgün deyil. Məhkəmənin əsas vəzifəsi ittiham aktında göstərilən halların məhkəmə baxışı zamanı qanuni qaydada əldə edilmiş və qiymətləndirilmiş sübutlarla təsdiq olunub-olunmadığını müəyyən etməkdir. Ona qarşı irəli sürülən maddələr üzrə nəzərdə tutulan cəzalar kifayət qədər ağırdır. Belə ki, 274-cü və 278.1-ci maddələr üzrə 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, 193-1.3.2-ci maddə üzrə isə əmlakın müsadirəsi və 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Məhkəmə hər bir ittiham üzrə cinayətin əlamətlərinin olub-olmadığını, əməlin konkret hallarını, şəxsin rolunu, təqsirin formasını və sübutların qanuni yolla əldə edilərək məhkəməyə təqdim olunmasını ayrıca qiymətləndirməlidir”.

Hüquqşünas bildirib ki, hüquqi baxımdan Ramiz Mehdiyevin həbsxanaya göndərilməsi ehtimalını istisna etmək olmaz:

“Əgər məhkəmə ittihamların tam yaxud müəyyən hissəsinin qanuni və mötəbər sübutlarla təsdiq olunduğu qənaətinə gələrsə, azadlıqdan məhrum etmə cəzası təyin edərsə, hökm qanuni qüvvəyə mindikdən sonra onun icrası məsələsi gündəmə gələcək. Burada qətimkan tədbiri ilə yekun cəzanı da fərqləndirmək lazımdır. İbtidai istintaq zamanı şəxs barəsində seçilən ev dustaqlığı və ya digər qətimkan tədbiri gələcək hökm demək deyil. Ramiz Mehdiyev barəsində əvvəlcə ev dustaqlığı qətimkan tədbiri seçildi və sonradan bunun müddəti uzadıldı. Buna görə də cinayət işinin məhkəməyə göndərilməsi qətimkan tədbirinin avtomatik olaraq yekun cəza ilə əvəzlənməsi demək deyil. Məhkəmə mərhələsində artıq yalnız istintaq orqanının irəli sürdüyü ittiham araşdırılmır. İttiham tərəfinin təqdim etdiyi sübutlar müdafiə tərəfinin arqumentləri ilə birlikdə qiymətləndirilməli və onlara hüquqi qiymət verilməlidir. Bu baxımdan şahid ifadələri də mühüm sübut vasitələrindən biridir”.

E.Bayramova qeyd edib ki, bu iş üzrə bir neçə hüquqi nəticə mümkündür:

“Məhkəmə ittihamın tam sübuta yetirildiyi qənaətinə gələrək təqsirləndirilən şəxsi təqsirli bilə və qanunda nəzərdə tutulan cəzanı təyin edə bilər. Ayrı-ayrı epizodlar və ya maddələr üzrə sübutların kifayət etmədiyi müəyyənləşdirilərsə, həmin hissələr üzrə fərqli hüquqi nəticə yaranacaq. Təqsirin sübuta yetirilmədiyi halda isə bəraət hökmünün çıxarılması da mümkündür. Yəni bu iş üzrə də digər cinayət proseslərində olduğu kimi qanunçuluq, təqsirsizlik prezumpsiyası, müdafiə hüququ, sübutların hərtərəfli, obyektiv araşdırılması, ittihamın konkretliyi və məhkəmə hökmünün əsaslandırılması prinsipləri əsas götürülməlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью