Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan cəmiyyətində illərlə “akademik”, “alim”, “rektor” kimi təqdim olunan Abel Məhərrəmovun adı indi daha çox var-dövlət, imtiyaz və siyasi dayaqlarla hallanır.
Onun elmi titullar və fəxri adlarla dolu tərcümeyi-halı bir tərəfdən təhsil sahəsində nüfuzlu fiqur obrazı yaradırsa, digər tərəfdən illərlə formalaşan gizli iqtisadi şəbəkənin üstünü örtür.Məhərrəmov təkcə BDU-nun uzunmüddətli rektoru kimi deyil, həm də ölkənin elmi strukturlarında mühüm qərarlara təsir edən fiqur kimi tanınıb.
Amma bu nüfuzun arxasında dayanan amil siyasi himayə və şəxsi maraqların uzlaşdığı sistem idi.Sabiq deputat Gülər Əhmədova (Mikayılqızı) Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun milyonlarla manatlıq sərvətə, şadlıq saraylarına və xarici ölkələrdəki mülklərə sahib olması onun elmi fəaliyyətindən çox, illərlə qurulmuş münasibətlər şəbəkəsinin nəticəsidir.Onun sözlərinə görə, əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov illər boyu Ramiz Mehdiyevin ən yaxın çevrəsində olub.
Hətta 2020-ci ildə Mehdiyevin nəvəsinin toy mərasimində səsləndirdiyi bu sözlər onun münasibətini açıq şəkildə göstərmişdi:“Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk.
Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir.
Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz”.Müsahibimiz bildirib ki, bu “təriflər” təsadüfi deyildi.
Çünki Mehdiyevin himayəsində olan Məhərrəmov illər ərzində 50-dən çox yerli və beynəlxalq mükafatla təltif olunmuş, fəxri adlar, diplomlar, medallar əldə etmişdi.