Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı şok təfərrüatlar üzə çıxıb.
İstintaq materiallarından aydın olur ki, uzun illər ölkənin ali siyasi idarəetməsində təmsil olunan sabiq PA rəhbəri dövlət idarəetmə sisteminin transformasiyasına və gələcək perspektivlərinə dair hazırladığı gizli sənədləri və analitik qeydləri məhz Sevil İsmayılova vasitəsilə birbaşa Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə ötürürmüş.
Mehdiyev ifadəsində etiraf edib ki, sənədlərin əsas ünvanı məhz Rusiya kəşfiyyatı olub və bu prosesdə "Şərq-Qərb" nəşriyyatının imkanlarından mərkəzləşdirilmiş şəkildə istifadə edilib. İş materiallarına görə, S.İsmayılovaya həmin əlyazmaları və strateji təklifləri təşkilatın rəhbəri Sergey Narışkinin müavini Rəşad Kurbanov vasitəsilə birbaşa rəhbərliyə çatdırmaq tapşırığı verilib. Prosesin daha geniş miqyaslı olduğu, sənədlərin Rusiyanın digər yüksəkvəzifəli dairələrinə də sızdırıldığı bildirilir. Bütün bu ağır faktların və konkret mexanizmlərin rəsmən ortaya çıxmasına baxmayaraq, Rusiya tərəfinin və şəxsən Narışkinin rəhbərlik etdiyi qurumun hələ də total susqunluq nümayiş etdirməsi ciddi suallar doğurur.
Xüsusilə nəzərə alsaq ki, ilkin iddialara görə, Mehdiyevin rəhbərlik etdiyi bu gizli şəbəkə barədə məlumatların bir qismi məhz Moskvadan ötürülmüşdü, indi isə faktlar birbaşa Rusiyanın Xarici Kəşfiyyat aparatını nişan aldığı halda rəsmi Moskvanın səssizliyə qapılması manipulyativ sükut kimi qiymətləndirilir.
Məsələ ilə bağlı hüquqşünas Natiq Ələsgərov bildirib ki, ortaya çıxan bu yeni detallar sadəcə daxili cinayət işi deyil, birbaşa Azərbaycanın milli təhlükəsizliyinə və suverenliyinə qarşı yönəlmiş xarici kəşfiyyat şəbəkəsinin ifşasıdır: "Ramiz Mehdiyevin məhkəmə materiallarında əks olunan etirafları sübut edir ki, o, illər boyu dövlət içində dövlət modeli quraraq xarici dövlətin kəşfiyyat orqanları ilə birbaşa və sistemli şəkildə işləyib. Sənədlərin 'Şərq-Qərb' nəşriyyatının rəhbəri Sevil İsmayılova vasitəsilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə və onun müavini Rəşad Kurbanova ötürülməsi klassik casusluq şəbəkəsinin bütün elementlərini özündə ehtiva edir. Hüquqi müstəvidə bu, dövlət sirrinin xarici dövlətə ötürülməsi və xəyanət ittihamının əsas sütunlarını təşkil edir".
Hüquqşünas qeyd edib ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin və rəsmi dairələrin bu qədər ağır ittihamlar qarşısında susması diplomatik etikadan çox, ifşa olunmuş agentura şəbəkəsinin qalıqlarını və biabırçı mənzərəni ictimaiyyətdən gizlətmək cəhdidir: "Beynəlxalq hüquq və kəşfiyyat təcrübəsində xüsusi xidmət orqanları adətən bu cür birbaşa ifşalara reaksiya verməməyə üstünlük verirlər, çünki hər hansı rəsmi açıqlama ya iddiaları təsdiqləməli, ya da təkzib olunmaz sübutlar qarşısında daha çətin duruma düşməli olacaq. Lakin Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanları bu xəttin üzərinə qətiyyətlə getməli, ötrülən sənədlərin miqyasını, dövlət idarəetməsinə vurduğu zərəri və digər iştirakçıların rolunu axıradək hüquqi müstəvidə qiymətləndirməlidir. Bu işdə heç bir gizli məqam qalmamalı, ictimaiyyətə hər detalı ilə məlumat verilməlidir".