Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı rəsmi olaraq UFC döyüşçüsü statusunu alıb.
İdman.Biz-in məlumatına görə, dünyanın ən böyük MMA təşkilatının rəsmi saytında 22 yaşlı idmançının şəxsi səhifəsi yaradılıb. Osmanlı ən yüngül çəki dərəcəsinə daxil edilib və onun statusu “Active” - aktiv döyüşçü kimi göstərilib. Oktqonda debüt tarixi isə 26 sentyabr 2026-cı il olaraq qeyd olunub.
Həmin gün azərbaycanlı döyüşçü Las-Veqasdakı “Meta APEX”də keçiriləcək “UFC Fight Night: Rosas Jr. vs Barcelos” turnirində Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşacaq. Bu döyüş artıq UFC-nin rəsmi döyüş kartında yer alıb. Beləliklə, Osmanlını “The Ultimate Fighter 34”ün finalı keçirilməzdən əvvəl də təşkilatın döyüşçüsü hesab etmək olar.
Bununla belə, “The Ultimate Fighter”ın(TUF) formatı ilə bağlı mühüm məqam var. TUF UFC-nin perspektivli döyüşçülərin birlikdə yaşadığı və məşq etdiyi, tanınmış idmançıların komandalarında çıxış etdiyi və mübarizənin pley-off sistemi ilə keçirildiyi realiti-şousudur. Yarışın qalibi üçün əsas mükafat UFC ilə müqavilədir. Bu mövsümdə kişi və qadın turnirlərinin finalçıları təşkilatla altı rəqəmli məbləğdə müqavilə uğrunda mübarizə aparırlar.
Bu o deməkdir ki, Osmanlının hazırda UFC-nin rəsmi heyətindəki statusu ilə TUF qalibinə verilən müqavilə tam olaraq eyni şey deyil. Azərbaycanlı artıq təşkilat tərəfindən aktiv döyüşçü kimi qeydiyyata alınıb və UFC-də rəsmi döyüş alıb. Lakin sentyabrın 26-da o, hələ də “The Ultimate Fighter”ın əsas mükafatı - kifayət qədər böyük, altı rəqəmli məbləğ uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Osmanlı ən yüngül çəki dərəcəsində iki qələbə qazanaraq həlledici döyüşə qədər irəliləyib. O, əvvəlcə birinci raundda Qazaxıstanı təmsil edən Artem Belaxı arxadan boğma fəndi ilə təslim olmağa məcbur edib. Yarımfinalda azərbaycanlının rəqibi amerikalı Kristian Stronq olub. Osmanlı görüşü ikinci raundda nadir “buggy choke”( boğma fəndi) fəndi ilə başa vuraraq finala yüksəlib.
“The Ultimate Fighter 34”ün Osmanlı ilə Stronqun döyüşünün yer aldığı 12-ci və sonuncu bölümü avqustun 25-də yayımlanıb. Mövsümün finalı isə ayrıca olaraq sentyabrın 26-da keçiriləcək UFC turniri çərçivəsində baş tutacaq.
Azərbaycanlı döyüşçünün rəqibi Maykl Bispinqin komandasındakı komanda yoldaşı İlimbek Akılbek Uulu olacaq. Qırğızıstan təmsilçisi də artıq UFC tərəfindən aktiv heyətə daxil edilib və onun oktqonda debüt tarixi də Osmanlıda olduğu kimi 26 sentyabr göstərilib.
Bununla yanaşı, “The Ultimate Fighter”ın finalında məğlub olmaq heç də döyüşçünün avtomatik olaraq UFC-dən ayrılması demək deyil. Son mövsümlərin təcrübəsi göstərir ki, təşkilat məğlub finalçıları tez-tez öz heyətində saxlayır və onlara yeni döyüşlər təqdim edir.
Bunun ən bariz nümunələrindən biri türk əsilli avstraliyalı Kaan Ofli-dir. O, 2024-cü ilin avqustunda “The Ultimate Fighter 32”nin finalına yüksəlib, lakin Myron Santosuna ikinci raundda nokautla uduzub. Məğlubiyyətə baxmayaraq, UFC sonradan Ofli ilə müqavilə imzalayıb.
Ofli UFC-də çıxışını davam etdirib və artıq bir neçə döyüş keçirib. Xüsusilə, bu il iyunun 27-də Bakıda keçirilən UFC turnirində çıxış edən avstraliyalı Xavyer Reyesi birinci raundda “əl üçbucağı” boğma fəndi ilə məğlub edib. Hazırda Ofli hələ də UFC-nin aktiv döyüşçüsü statusundadır.
Həmin TUF 32 mövsümündən daha bir nümunə isə isveçrəli Robert Valentindir. O, orta çəki dərəcəsində keçirilən finalda Rayan Loderə məğlub olsa da, UFC-də qalıb. Bundan sonra Valentin təşkilatda karyerasını davam etdirib və 2026-cı ildə ardıcıl iki qələbə qazanıb. Eyni vəziyyət braziliyalı Rodriqo Sezinando ilə də baş verib. O, 2025-ci ildə “The Ultimate Fighter 33”ün finalında ukraynalı Daniil Donçenkoya uduzsa da, UFC onu heyətində saxlayıb.
Beləliklə, Osmanlı sentyabrın 26-da Akılbek Uuluya məğlub olsa belə, avtomatik olaraq UFC-dən kənarlaşdırılmayacaq. Onun gələcək taleyi ilə bağlı qərarı təşkilat verəcək. Son mövsümlərin nümunələri göstərir ki, TUF-un məğlub finalçıları da oktqonda çıxışlarını davam etdirmək imkanı əldə edə bilərlər.
Əlavə edək ki, Osmanlının UFC-nin aktiv heyətinə daxil edilməsindən sonra təşkilatda Azərbaycanı təmsil edən döyüşçülərin sayı altıya çatıb. Ondan əvvəl UFC-də Azərbaycanı Rafael Fizieyеv, Nazim Sadıxov, Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev təmsil ediblər.