Məhərrəm ayında toy etmək haramdır?

05.06.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq. İslam təqviminin ilk ayı hesab olunan Məhərrəmlik müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Bu ay həm Kərbəla hadisəsinin yad edilməsi, həm də ibadət və mənəvi saflaşma dövrü kimi dəyərləndirilir.

Bəs bu ayın dini mahiyyəti nədir və müsəlmanlar nələrə diqqət etməlidirlər?

Ölkə.az-a açıqlama verən ilahiyyatçı Fərid Abdulla bildirib ki, Məhərrəmül-Həram hicri-qəməri təqviminin ilk ayıdır.

O qeyd edib ki, bu ayın belə adlandırılmasına səbəb kimi, həmin vaxtda müharibə etməyin haram buyurulması göstərilir:

"İmam Hüseynin (ə) və sadiq dostlarının şəhadəti ilə nəticələnən Kərbəla vaqiəsi hicri 61-ci ilin məhz Məhərrəm ayında baş verib. Əhli-beyt ardıcılları hər il bu ayın ilk on gününü İmam Hüseyn (ə) və onun tərəfdarları üçün yas saxlayıb əzadarlıq edirlər. Əlbəttə, bəzi bölgələrdə bu matəm mərasimləri İmam Hüseynin (ə) şəhadətinin qırxına, yəni Səfər ayının iyirmisindəki Ərbəin gününə qədər, ümumilikdə 50 gün davam edir.

Səfər ayının sonu Peyğəmbərimizin və İmam Həsənin də vəfat ildönümləri olduğu üçün bu müddət iki aya qədər də davam edə bilər. Yəni insanlar könüllü şəkildə aşırı əyləncə təzahüründən imtina edirlər. Əlbəttə, Məhərrəm ayında toy, nişan, kəbin oxumaq, ad günü keçirmək, alğı-satqı və bu qəbil şeylər haram deyil. Sadəcə insanlar Məhərrəm və Səfər aylarında müəyyən şeyləri gözləyirlər, bunu könüllü edirlər, aşırı əyləncə izhar və nümayiş etdirmirlər. Bir daha deyim ki, bu, ümumi şəri vəzifə deyil. Onsuz da son illərdə heç bunlara riayət etməyən də bəs qədər adamlar var. Gözləyənlər isə bunu könüllü edir. Bəziləri belə düşünür ki, Məhərrəmlik 60 gündür. Xeyr. Qəməri ayı ya 29, ya 30 gün olur. Növbəti ay Səfər ayıdır ki, bu ay da ağır ay hesab edilir. Çünki İmam Hüseynin 40-ı Səfər ayına düşür, həm də dediyim ki, Peyğəmbərimizin vəfatı da.

Əlbəttə, bu ayda bəzi xürafatlar da baş verir ki, onları saysaq, uzun olar. Hər bir halda xürafat, qan tökmək, mənşəyi bilinməyən şeylərdən çəkinmək gərəkdir və qarşıya çıxan hansısa bir sualda din xadiminə müraciət etmək lazımdır".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью