Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Məhkəmə ekspertlərinin fəaliyyət göstərəcəkləri ixtisas üzrə ali təhsilə malik olması ekspert rəylərinin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin iclasında doqquzuncu məsələnin – məhkəmə ekspertizası sahəsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, məhkəmə ekspertizasının həyata keçirilməsi xüsusi bilik tələb edən sahədir. Bu səbəbdən ekspert kimi fəaliyyət göstərəcək şəxslərin müvafiq ixtisas üzrə ali təhsilə malik olması və uyğunluq meyarlarının tətbiqi ekspert rəylərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Deputatın sözlərinə görə, bu dəyişiklik məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiyada da nəzərdə tutulub. Konsepsiyanın 6-cı bölməsinin 6.4.2.2-ci yarımbəndində və tədbirlər planının 8.2.2-ci bəndində məhkəmə ekspertlərinin ixtisası üzrə tələb olunan ali təhsil sahələrinin müəyyənləşdirilməsi, həmin sahələr üzrə ixtisaslı kadrların ekspertiza fəaliyyətinə cəlb olunması məsələləri əksini tapıb.
N.Səfərov qeyd edib ki, hazırda qanunvericilikdə məhkəmə ekspertlərinin xüsusi biliklərə malik olması tələbi müəyyən edilsə də, onların ali təhsil ixtisasının fəaliyyət göstərəcəkləri məhkəmə eksperti ixtisasına uyğunluğu məsələsi tam tənzimlənməyib.
Təklif olunan dəyişikliklərə əsasən, məhkəmə eksperti statusunda fəaliyyət göstərəcək şəxsin xüsusi bilikləri müvafiq məhkəmə eksperti ixtisasına uyğun olmalıdır. Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət üçün tələb olunan ali təhsil ixtisaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Deputat əlavə edib ki, qanun layihəsinin 11-ci maddəsində də terminoloji dəyişiklik təklif olunur. Belə ki, “məhkəmə ekspertizası ixtisası” ifadəsinin əvəzinə “məhkəmə eksperti ixtisası” termininin işlədilməsi nəzərdə tutulur.
Zeynəb Rzayeva