Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Prosessual qanunvericiliyin tətbiqinə dair yeni nəşr
Bakı Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov və Binəqədi Rayon Məhkəməsinin hakimi Anar Rzayevin birgə müəllifliyi ilə hazırlanmış “İnzibati və mülki məhkəmə icraatı: oxşar və fərqli cəhətlər (prosessual qanunvericiliyin müqayisəli təhlili)” kitabı prosessual qanunvericiliyin tətbiqinə dair diqqətəlayiq elmi-praktik nəşrdir.
Nəşrdə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi əsasında inzibati və mülki məhkəmə icraatının əsas institutları, onların hüquqi təbiəti və tətbiqi xüsusiyyətləri təhlil edilir. Eyni zamanda, məhkəmə təcrübəsində meydana çıxan aktual məsələlərə də diqqət yetirilir. Bu isə kitabın yalnız nəzəri deyil, praktik əhəmiyyətini də artırır.
Müasir hüquqşünaslıqda qanun normasını bilmək qədər onun konkret hüquqi münasibətlərə necə tətbiq edildiyini bilmək də vacibdir. Bu baxımdan nəşr qanunvericiliklə məhkəmə təcrübəsi arasında əlaqənin daha aydın görünməsinə xidmət edir. Xüsusilə inzibati və mülki xarakterli mübahisələrin fərqləndirilməsi, aidiyyətin və tətbiq olunacaq prosessual prosedurun düzgün müəyyən edilməsi baxımından müqayisəli yanaşma mühüm praktiki əhəmiyyət daşıyır.
Orxan İsmayılov və Anar Rzayevin birgə müəllifliyi ilə ərsəyə gələn bu kitabı Azərbaycan prosessual hüququnun aktual məsələlərinin araşdırılmasına yönəlmiş elmi-praktik nəşrlər sırasında qiymətləndirmək mümkündür. Onun əsas dəyəri inzibati və mülki məhkəmə icraatına ayrı-ayrı hüquq sahələri kimi deyil, bir sıra ümumi prosessual institutları müqayisə etmək imkanı verən vahid araşdırma müstəvisində yanaşılmasındadır. Belə nəşrlər qanunvericiliyin daha dərindən öyrənilməsinə, məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə və hüquqi düşüncənin inkişafına xidmət edir. Ən başlıcası isə, onlar hüququn yalnız normativ mətnlər toplusu deyil, daim inkişaf edən və praktiki tətbiq zamanı yeni məzmun qazanan canlı sistem olduğunu göstərir.
Kitabın elmi-praktik dəyəri onun geniş auditoriyaya ünvanlanmasında da özünü göstərir. Nəşr hakimlər, vəkillər, hüquqşünaslar, elmi işçilər, magistrantlar və hüquq fakültələrinin tələbələri üçün faydalı mənbədir.Yeni kitab bu baxımdan həm hüquqşünasların peşəkar fəaliyyətinə, həm hüquq elminə, həm də gələcək hüquqşünas nəslinin hazırlanmasına faydalı töhfə kimi diqqət çəkir.
XQ