Məhkəmədə son anda dəyişən qərar: Azadlığa çıxdı

27.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dələduzluğa görə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilən şəxsin cəzası şərti tətbiq olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə “Yeni Sabah”a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

İşin hallarına əsasən, şəxs etibardan sui-istifadə və aldatma yolu ilə üç nəfərin əmlakını ələ keçirməkdə ittiham olunub. Belə ki, o, yaxın münasibətdə olduğu qadının etibarından istifadə edərək maddi problemlərini həll etmək məqsədilə ona məxsus qızıl-zinət əşyalarını girov qoymaq və sonradan geri qaytarmaq vədi verib. Lakin əşyaları geri qaytarmayaraq zərərçəkmiş şəxsə ümumilikdə 57 min 600 manat maddi ziyan vurub. pizza hut

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verərək bəraət tələb edib. Apellyasiya baxışı zamanı isə alternativ olaraq zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsi və vurulmuş ziyanın tam ödənilməsi nəzərə alınmaqla cəzanın şərti tətbiq olunması xahiş edilib.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası iş materiallarını araşdıraraq, birinci instansiya məhkəməsinin şəxsin təqsirli olması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edib. Bununla belə, cəzanın müəyyənləşdirilməsi zamanı məhkumun sonrakı davranışı və digər hallar nəzərə alınıb.

Məlum olub ki, məhkum hər üç zərərçəkmiş şəxslə barışıb və onlara vurduğu maddi ziyanı tam ödəyib. Zərərçəkmiş şəxslər notariat qaydasında təsdiqlənmiş ərizələrlə məhkumla barışdıqlarını, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsaslanaraq, zərərçəkmişlərlə barışığı və vurulmuş ziyanın könüllü şəkildə tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib.

Bundan əlavə, məhkumun əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi də nəzərə alınıb.

Məhkəmə qeyd edib ki, cinayət cəzasının məqsədi yalnız şəxsi cəzalandırmaq deyil, həm də sosial ədaləti bərpa etmək, məhkumun islah olunmasını təmin etmək və yeni cinayətlərin qarşısını almaqdır.

Nəticədə apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, məhkuma təyin edilmiş 5 il 3 aylıq həbs cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq olunub və onun barəsində 2 il sınaq müddəti müəyyən edilib.

Həmçinin məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılıb.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью