Məhkum üçün gətirilən sovqatdan heroin çıxdı

15.09.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi ilə bağlı daha bir neçə cəhdin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif bağlama və sovqatlarda gizlədilən narkotik vasitələr aşkar edilib.

Nazirlikdən verilən məlumata görə, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilmiş bağlamaya baxış zamanı tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülər aşkarlanıb.

Həmin bükülülərdən 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.

Həyat yoldaşının gətirdiyi sovqatda da heroin tapıldı

Digər hadisə Bakı İstintaq Təcridxanasında qeydə alınıb.

Həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 bükülü aşkarlanıb.

Bükülülərin içərisindən 0,888 qram heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyi bir daha vətəndaşların diqqətinə çatdırıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью