GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tanınmış rejissor Mehriban Ələkbərzadə yeni fəaliyyət mərhələsinə başladığını açıqlayıb. O, sosial şəbəkə paylaşımında əvvəlki fəaliyyət səhifəsini bağladığını və yenidən televiziya sahəsinə qayıtdığını bildirib.
Globalinfo.az xəbər verir ki, Mehriban Ələkbərzadə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədovun dəvəti ilə AZTV-də fəaliyyətini davam etdirəcək. O, televiziya sahəsində uzun illər çalışdığını, 70-dən artıq film, proqram və tamaşanın müəllifi olduğunu vurğulayıb və yeni yoluna böyük ümidlərlə başladığını qeyd edib.
“Və… dünənki fəaliyyət səhifəmi sevgimi itirmədən bağladım. Minnətdaram inandığım, sevdiyim və unutmaq istəmədiyim insanlara… qalan şeylərə artıq gülümsəyib keçməyi bacarıram.
Peşəmi sevirəm. Peşəkar kimi dəyərləndirdiyim şəxslər hər zaman öz dəyərində qalır. Və bir də… bir daha yenə də görüşəcəyik əlbəttə.
Amma artıq yeni bir səhifə açılır — daha böyük ümidlərlə, daha parlaq imzalara. Yeni yolum mübarək! Zatən bu yolla başlamışdım. Bu illər ərzində 70-dən artıq film, proqram və tamaşa müəllifiyəm. Uzun illər TV fəaliyyətim olub, var və olacaq.
Doğma bir məkandayam. Bu doğma məkanı mənə bu gün daha da doğma edən Rövşən Məmmədova minnətdaram. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədovun inamlı dəvətinə görə təşəkkür edirəm. Və mən yenidən televiziya fəaliyyətinə qayıdıram.
Digitallaşan dünyada ənənəvi proseslərin rəqəmsal texnologiyalara keçidi sürətlənən bir zamanda TV-də çalışmaq xüsusi məsuliyyətdir. Hər yol insanı bir az böyüdür, bir az da mübariz edir. Bu gün fərqli, yeni bir yola başlayıram. Ümid edirəm ki, qarşıda məni daha gözəl günlər gözləyir. AZTV həmişə olduğundan daha doğma məkan olacaq. Buna inanıram”, – Mehriban Ələkbərzadə paylaşımında bildirib.
Xatırladaq ki, Mehriban Ələkbərzadə daha əvvəl Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində qəbul etdiyi qərarlar fonunda bir neçə teatr xadimi ilə birlikdə o da vəzifəsini itirib.