Məhsuldarlıq yarışının gizli fəsadı

27.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Böyük Britaniyanın Linkoln Universitetinin alimləri tərəfindən aparılan son tədqiqat müasir torpaq istifadəsi metodlarının və intensiv kənd təsərrüfatının torpaq örtüyünə dağıdıcı təsir göstərdiyini sübut edib. Vəziyyəti ağırlaşdıran digər mühüm amil isə havadakı karbon qazının (CO2) səviyyəsinin yüksəlməsidir. Bu proses bitkilərdə şəkər və nişasta sintezini artırsa da, onların tərkibindəki hayati əhəmiyyətli qida maddələrinin həcmini kəskin şəkildə azaldır.

Tədqiqatçılar müxtəlif meyvə və tərəvəzlərin kimyəvi tərkibini təhlil edərək acınacaqlı nəticələrə gəliblər. Məlum olub ki, 1990-cı illərin sonu ilə müqayisədə limonun tərkibindəki C vitamini təxminən üçdə bir qədər, kökədəki kalsium dörddə bir qədər, banandakı A vitamini isə rekord həddə — 57 faiz azalıb.

Fermerlərin və aqrar korporasiyaların daha tez böyüyən, zərərvericilərə davamlı və bol məhsul verən yeni hibrid növlərə üstünlük verməsi, torpaqların fasiləsiz insektisidlərlə emal olunması kəmiyyət artımına gətirib çıxarsa da, keyfiyyətin kəskin düşməsi ilə nəticələnib.

Yaranmış qlobal problemi həll etmək üçün alimlər genetik modifikasiya olunmuş bitki növlərindən tutunda, torpaq üçün sintetik əlavələrə və yeraltı şaquli fermalara qədər müxtəlif alternativlər təklif edirlər. Lakin ən perspektivli həll yollarından biri kimi "bərpaedici kənd təsərrüfatı" (regenerative agriculture) göstərilir. Bu sistemin əsas məqsədi yüksək məhsuldarlıq qovğası deyil, torpağın təbii münbitliyini bərpa etmək və dayanıqlı ekosistem yaratmaqdır. Müəyyən edilib ki, bərpaedici fermalarda yetişdirilən kələmdə dəmirin miqdarı adi üsulla yetişdiriləndən 22 dəfə, kökədə olan fol turşusu isə minlərlə dəfə çox ola bilər.

Lakin bərpaedici sistemin tənqidçiləri onun iqtisadi rentabelliyini şübhə altına alırlar. Kimyəvi maddələrdən imtina edən və daha çox əl əməyinə söykənən bu modelin maya dəyəri yüksəkdir. Bundan əlavə, ekspertlər bərpaedici kənd təsərrüfatını qlobal miqyasda tam tətbiq etməyin və bununla bütün dünya əhalisini kifayət qədər qida məhsulları ilə təmin etməyin praktiki baxımdan qeyri-mümkün olduğunu müdafiə edirlər.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью