Məhz bu səbəbdən yarımdairəvi yolların yaradılması xüsusi əhəmiyyət daşıyır Ekspert

02.02.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Bakıdan iki əsas magistral istiqamət mövcuddur: Bakı–Quba–Rusiya sərhədi və Bakı–Şamaxı–Yevlax avtomobil yolu. Xırdalan şəhəri bu iki əsas magistral arasında yerləşir və indiyədək onları birləşdirən yol infrastrukturu məhdud olub. Mövcud M4 magistralı və qismən dəmir yolu bu əlaqəni təmin etsə də, bu imkanlar artıq artan yükü tam qarşılamırdı".

Bunu 525.az-a nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib. O qeyd edib ki, 

yeni layihələr çərçivəsində dəmir yolunun altından bir neçə istiqamətdə tunel tipli yol ötürücülərinin tikilməsi nəzərdə tutulur. Bunlardan biri Bakı Dairəvi Yolunun altından keçən və hazırda icra mərhələsində olan layihədir. Bundan əlavə, daha iki yeni əlaqələndirici tunel inşa ediləcək. Bu, mövcud yol şəbəkəsindəki nəqliyyat yükünün bölüşdürülməsinə, alternativ marşrutların formalaşmasına və əlaqələrin daha səmərəli qurulmasına xidmət edəcək: "Paytaxtın coğrafi yerləşməsi yarımada üzərində olduğundan klassik dairəvi yol sistemi mövcud deyil. Məhz bu səbəbdən yarımdairəvi yolların yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu yollar sürücülərə şəhər mərkəzinə daxil olmadan sürətli şəkildə müxtəlif istiqamətlərə - şimala, cənuba və qərbə çıxmaq imkanı verəcək. Layihəyə əsasən, üç yarımdairəvi yolun inşası planlaşdırılır".

Ekspert əlavə edib ki, hazırda Sumqayıt istiqamətindən Bakıya əsasən bir radial yol mövcuddur. Yeni radial yolun tikintisi, eləcə də şəhər daxilində həyata keçirilən layihələr, o cümlədən Həsən Əliyev prospektinin uzadılması, "Ağ Şəhər" və Ağa Nemətulla küçəsinin əlaqələndirilməsi nəqliyyat axınlarının alternativ marşrutlara yönləndirilməsinə imkan yaradacaq".

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью