MEK də “Akademik Aslan Aslanov 100” adlı sərgi keçirilir

27.11.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli filosof-alim, Əməkdar elm xadimi, akademik Aslan Aslanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib.

XQ xəbər verir ki, sərgidə alimin zəngin elmi və ədəbi irsi, fəlsəfi-estetik düşüncələri, fundamental tədqiqatları, bədii yaradıcılığı, eləcə də dünya ədəbiyyatı və fəlsəfəsindən Azərbaycan dilinə etdiyi tərcümələr nümayiş olunur.

Burada Aslan Aslanovun Aristotelin “Poetika”, Deni Didronun “Qardaşım oğlu Ramo”, Corc Bayronun “Gavur”, Aleksandr Tvardovskinin “Vasiliy Tyorkin” kimi dünya ədəbiyyatının və fəlsəfi-estetik fikrinin dəyərli nümunələrinin Azərbaycan dilinə tərcümələri yer alıb. Bu əsərlər alimin dünya ədəbi-fəlsəfi irsinin Azərbaycan oxucusuna çatdırılması istiqamətindəki mühüm fəaliyyətini əks etdirir.

Sərgidə, həmçinin alimin estetika sahəsində apardığı elmi araşdırmaların nəticəsi olan “İncəsənət və tərbiyə”, “Estetika aləmində” və digər elmi əsərləri təqdim olunur. O cümlədən “Səni düşünürəm” (1957), “Qızlar və bənövşələr” (1961), “Nəğməli günlərim” (1985) adlı şeir kitabları da yer alıb.

Akademik Aslan Aslanovun çoxşaxəli yaradıcılığını, Azərbaycan fəlsəfi-estetik fikrinin inkişafına verdiyi töhfələrini əks etdirən nəşrlərlə MEK-in saytı vasitəsilə elektron şəkildə də tanış olmaq mümkündür.

Sərgi iki həftə müddətində davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью