Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.
Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının yaratdığı yeni müdafiə birliyinin ilk baş katibi Pakistanın istefada olan general-leytenantı Nauman Mahmud təyin edilib. Alyansın qərargahı Ər-Riyadda yerləşəcək. Oxuməni az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mahmudun təyinatı üç ölkənin təhlükəsizlik və müdafiə sahəsində birgə mexanizm yaratmaq barədə əldə etdiyi razılaşmalar çərçivəsində həyata keçirilib. Baş katib alyansın fəaliyyətinin əlaqələndirilməsinə, üzv ölkələr arasında qarşılıqlı fəaliyyətə və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə cavabdeh olacaq. Müəyyən edilmiş rotasiya prinsipinə əsasən, bu vəzifəni üç ölkənin nümayəndələri növbə ilə üç il müddətinə tutacaqlar.
Nauman Mahmud 1987-ci ildə Pakistan ordusunda xidmətə başlayıb və hərbi karyerası ərzində müxtəlif komandanlıq və qərargah vəzifələrində çalışıb. 2021-ci ilin noyabrında İslamabaddakı Pakistan Milli Müdafiə Universitetinə rəhbərlik edib. Bu, ölkənin əsas hərbi təhsil müəssisələrindən biridir. O, 2023-cü ilin aprelinədək bu vəzifədə çalışıb, daha sonra istefaya çıxıb. Mahmudun alyansın strukturunda ilk rəhbər vəzifəyə təyin olunması yeni əməkdaşlıq mexanizminin formalaşmasının ilkin mərhələsində Pakistanın aparıcı rolunu göstərir.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə alyansının yaradıldığını 2026-cı ilin avqustunda elan ediblər. Razılaşmanın əsasını üç dövlətin qarşılıqlı təhlükəsizliyi və müdafiə sahəsində koordinasiyanın genişləndirilməsi prinsipi təşkil edir. Tərəflər hərbi əməkdaşlıq, kadr hazırlığı, təcrübə mübadiləsi və regional təhlükəsizlik məsələləri üzrə koordinasiya istiqamətlərində qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırlar.
Ər-Riyadın alyansın qərargahı kimi seçilməsi yeni formatda Səudiyyə Ərəbistanının mərkəzi rolunu əks etdirir. Baş katib vəzifəsinin rotasiya əsasında tutulması isə hər üç ölkənin alyansın idarə olunmasında iştirakını təmin etməlidir.
Almaz Həsənli