Məkkə paktı regional və qlobal siyasətdə ciddi çalxalanma yaradan hadisə oldu

14.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan liderləri avqustun 7-də üçtərəfli "Məkkə Müdafiə Sazişi"ni imzalayıblar. Bu sənədin əsas mahiyyəti odur ki, üç ölkədən birinə silahlı hücum bütün imza atan ölkələrə qarşı təcavüz hesab ediləcək. Saziş imzalanandan beynəlxalq müstəvidə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Tərəflər bunun üçüncü ölkələrə qarşı yönəlmədiyini bəyan edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin eksperti Sultan Zahidov "525-ci qəzet"ə müsahibəsində mövzunu ərtaflı şərh edib.

- Sultan müəllim, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkə paktının imzalanmasında əsas məqsəd nədir?

- Keçən həftə Məkkədə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman, Pakistanın Baş naziri Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan arasında "Məkkə Müdafiə Sazişi" imzalandı. Bu müdafiə paktı NATO-dakı kollektiv təhlükəsizlik mexanizmlərini özündə ehtiva edir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın dediyi kimi, NATO-nun beşinci maddəsi bu paktın müddəaları sırasında yer almaqdadır. Bu isə o deməkdir ki, Məkkə paktına görə tərəflərdən hər hansı birinə hücum bütün tərəflərə hücuma bərabər olacaq və belə olan halda tərəflər hücuma məruz qalana bu və ya digər şəkildə dəstək, yardım göstərməli olacaqlar. Şübhəsiz ki, burada söhbət yalnız bu paktın hərbi tərəfindən getmir, eyni zamanda siyasi simvolika da önəmlidir. Bu pakt bir daha Yaxın Şərqdəki regional konfiqurasiyanın, xüsusilə təhlükəsizlik arxitekturasında ciddi çalxalanmaların olduğunu göstərir. Regionun sabitliyi, təhlükəsizliyi yönündə və hər ölkənin öz milli maraqlarının təmininə nail olmaq üçün müxtəlif alyanslarda, ittifaqlarda birləşdiyini göstərir ki, bu baxımdan da Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı birliyinə İslam NATO-su kimi baxanlar da var. Qeyd etmək lazımdır ki, imzalanmış pakt uzun zamanın, iki il yarıma yaxın müddətdə baş verən danışıqların nəticəsidir və bu o deməkdir ki, son bir neçə ildə Yaxın və Orta Şərq regionunda baş verən proseslər belə bir paktın formalaşmasını şərtləndirən əsas amillər sırasındadır. O ki qaldı konkret suala, bu üç ölkənin bir araya gəlməsinin bir neçə məqsədini sadalamaq mümkündür. İlk növbədə dediyim kimi, Yaxın və Orta Şərqin təhlükəsizlik arxitekturasında ciddi çalxalanmaların olması, son bir neçə ildə bölgədə müharibə və münaqişələrin sayının artması, istər İsrail-Fələstin münaqişəsi olsun, İsrail-İran münaqişəsi, Livan-İsrail münaqişəsi olsun, eyni zamanda ABŞ və İsrailin İrana qarşı əməliyyatları olsun, bütün bunlar sözsüz ki, regionun sabitliyinə və təhlükəsizlik arxitekturasına təhdid göstərən məqamlardır ki, bunların fonunda da bir sıra dövlətlərin öz aralarında ittifaq qurması, alyans yaratması müəyyən mənada gözlənilən idi. Çünki hər bir ölkə öz milli maraqlarını təmin etməyə çalışır və indiki dönəmdə - beynəlxalq hüququn qeyri-işlək, beynəlxalq nizamın qeyri-sabit olduğu bir vaxtda milli təhlükəsizliyin təmini bu cür kiçik alyanslar və ittifaqlar yaratmaqdan keçir. Başqa bir səbəb isə sözsüz ki, son bir neçə ildə Yaxın və Orta Şərqdəki qüvvələr balansında ciddi dəyişikliklərin baş verməsidir. Xüsusilə də İran-İsrail qarşıdurması fonunda İranın müəyyən qədər zəifləməsi, onun proksilərinin zəifləməsi və İsrailin bir neçə ölkədə hərbi əməliyyatlar həyata keçirməsi istər-istəməz regional konfiqurasiyanı və qüvvələr balansını dəyişən faktordur. Biz beynəlxalq münasibətlər nəzəriyyəsindən də bilirik ki, qüvvələr balansının dəyişməsi dövlətlər arasında hegemonluğa can atan dövlətə qarşı digərlərinin birləşməsinə, koalisiya yaratmasına gətirib çıxarır. Sözsüz ki, tərəflər bu alyansın hər hansı bir dövlətə qarşı olmadığını, paktın müdafiə xarakteri daşıdığını bildirsələr də, düşünürəm ki, istər-istəməz regional balansın dəyişməsi də bu cür ittifaqın yaranmasında əsas olan faktorlar sırasındadır.

Nəhayət, burada sözsüz ki, Amerikanın çəkindiricilik qabiliyyətinin zəifləməsi, başqa bir faktordur. Fevralın 28-də İrana qarşı hücumlardan sonra İranın əks zərbələrlə Körfəz ölkələrini hədəf alması və ABŞ-ın onları qorumaqda lazımi qədər effektiv olmaması istər-istəməz regional dövlətləri təhlükəsizliklərini öz nəzarətləri altına almalarına vadar edən faktorlardan biridir. Sözsüz ki, bu, region dövlətlərində belə bir qənaət yaradır ki, artıq ABŞ-a əvvəlki qədər etibar etmək, bel bağlamaq olmur, ona görə də öz milli təhlükəsizliyimizi öz aramızda biz təmin etməliyik. Məkkə paktının yaranmasında əsas məqsədlərdən biri də dövlətlərin öz aralarında hərbi, müdafiə sənayesi, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlığın təmin edilməsi, həmçinin dövlətlərin bir-birinə qarşı zərər vuracaq fəaliyyətlərin qarşısını almaqdır. Bunu Hakan Fidan da qeyd etdi. Ən əsası da regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verməkdir.

- Məkkə paktı üzv ölkələrin qarşılaşa biləcəyi təhlükəsizlik təhdidlərinin qarşısının alınması baxımından nə dərəcədə effektiv mexanizmə çevrilə bilər?

- Mən yenə də düşünürəm ki, bu paktın nə dərəcədə effektiv olacağını gələcək göstərəcək. Çünki bundan öncə bir il əvvəl Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə razılaşması hələ ki, tam şəkildə effektiv olmayıb. Bilirsiniz ki, həmin razılaşmaya görə də tərəflərdən birinə hər hansı hücum hər iki tərəfə qarşı hücum sayılırdı. Amma eskalasiya fonunda Səudiyyə Ərəbistanın neft infrastrukturuna, eyni zamanda oradakı bazalara hücumlar oldu. Lakin müdafiə paktındakı mexanizmlər həmin hücumlar fonunda tətbiq edilmədi. Ona görə də bu paktın da tətbiq edilib-edilməyəcəyi gələcək praktikadan asılıdır. Burada sözsüz ki, müəyyən amillər rol oynayır. İlk növbədə onun sözün əsl mənasında NATO səviyyəsinə gəlməsini vurğulamaq lazımdır, bu institutun formalaşması zaman alan bir prosesdir. Sənəd imzalandı, vəssalam, bir ölkəyə hücum olarsa, digərləri o saat yardım edəcək, belə bir proses yoxdur. Burada institusionallaşma baş verməlidir. Yəni struktur bölmələr, katiblik, komitələr yaradılmalıdır. NATO-da olduğu kimi, eyni zamanda, vahid hərbi komandanlıq yaradılmalıdır. Bunun vahid ordusu olmalıdır ki, çevik şəkildə təhlükə olan anda müdaxilə edilə bilsin. Hətta Hakan Fidanın da müsahibəsində qeyd olunub ki, bunlar müəyyən zaman alacaq. İlk növbədə siyasi və hərbi komitələr yaranacaq, daha sonra katiblik, baş katiblik yaranacaq ki, bu katiblik də institutun ümumi fəaliyyətini koordinasiya edəcək. Pakt əsasında gələcəkdə NATO-ya bənzər bir institut yaradılması da istisna edilmir. Digər tərəfdən də, nə NATO-da, nə də ümumiyyətlə başqa istənilən hərbi institutda, hərbi təşkilatda elə bir prinsip yoxdur ki, üzv ölkəyə hücum olundu, avtomatik şəkildə digər üzvlər də hücum edənə qarşı birgə hərbi əməliyyatlar aparacaqlar. Belə bir prinsip yoxdur. Bunun üçün də müəyyən tələblər var. İlk növbədə hücuma məruz qalan özü digərlərindən dəstək istəməlidir. İkincisi, bu dəstəyin hansı formada olduğu müəyyən edilməlidir, üçüncüsü, üzv ölkələr bununla bağlı yığışıb birgə, vahid şəkildə qərar verməlidirlər. Çünki hücum olub-olmaması da müəyyənləşməlidir. Bəlkə üzv ölkənin özü ilk hücumu həyata keçirən tərəf olub. Müdafiə təşkilatlarında bilirsiniz ki, əgər üzv ölkə digər ölkəyə hücum edirsə, kollektiv təhlükəsizlik mexanizmi o zaman tətbiq edilmir, yalnız müdafiə halında tətbiq edilir.

- Bu sənəd Yaxın Şərqdə və daha geniş regionda yeni siyasi və təhlükəsizlik konfiqurasiyasının formalaşmasına necə təsir göstərə bilər?

- Sənəd sözsüz ki, Yaxın Şərqdə geniş yeni siyasi təhlükəsizlik konfiqurasiyasının əsasını qoya bilər. Hər şeydən əvvəl bu artıq o deməkdir ki, Yaxın və Orta Şərq dövlətləri post-Amerika nizamına, konfiqurasiyasına hazırlaşırlar və burada da artıq Amerika bilirsiniz ki, uzunmüddətli Yaxın Şərqdən çıxmaq, əsas diqqətini Uzaq Şərqə yönəltmək istəyir, belə olan halda yaranacaq boşluğu regional dövlətlər məhz bu cür öz aralarında ittifaqlar yaratmaqla doldurmaq istəyirlər ki, bu da sözsüz ki, regionun geosiyasi təhlükəsizlik konfiqurasiyasına ciddi şəkildə təsir göstərə bilər. Ən əsası həm də ona görə ki, bu cür hərbi ittifaqlar əks ittifaqlar formalaşdırırlar. Yəni o ittifaqdan narahat olan qüvvələr də onlara qarşı birlik içində olacaqlar. Məsələn, indidən artıq İsrail, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Cənubi Kiprin iştirakı ilə birgə ittifaqın yaradılması məsələsi gündəmdədir ki, bu da artıq Yaxın və Orta Şərq regionunda iki qütblü sistemin yaranmasına gətirib çıxara bilər. Amma bu sistem nə dərəcədə təhlükəli və ya təhlükəsiz olacaq, bunu zaman göstərəcək.

- Azərbaycanın hər üç ölkə ilə çox yaxın münasibətləri var. Bu baxımdan, Bakının bu yeni  formatla hansısa şəkildə əməkdaşlığı mümkün görünürmü?

- Azərbaycanın Məkkə paktını imzalayan hər üç ölkə ilə çox yüksək səviyyəli münasibətləri var. Xüsusilə Türkiyə ilə müttəfiqdir, Pakistanla strateji əlaqələrə malikdir. Amma burada əsas nüans ondan ibarətdir ki, Azərbaycan xarici siyasətdə bugünədək hansısa bloklara daxil olmayıb. Yəni belə deyək, daha çox neytral, bitərəf siyasət aparmağa çalışır. Azərbaycan Qoşulmama Hərəkatında üzvdür, eyni zamanda nə NATO üzvlüyünə istəyini ortaya qoyub, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında. İkincisi, düzdür, paktın genişlənməsində Azərbaycanın və bir sıra digər ölkələrin, o cümlədən Misirin, Qətərin adı çəkilirdi. Məsələn, Misir niyə daxil olmaq istəmir, çünki Misir qarşı tərəfdə yer alan dövlətlərlə də, istər İsrail olsun, istər Birləşmiş Ərəb Əmirlikləri olsun, yaxın münasibətlərə malikdir və bu neytrallığını pozmaq istəmir. Bu baxımdan Azərbaycanın da regionun bütün dövlətləri, o cümlədən BƏƏ, İsrail və digərləri ilə müsbət münasibətlərə malik olduğunu nəzərə alsaq, bu da bloka qoşulması ehtimalını indiki halda yüksək dəyərləndirmirəm. Sözsüz ki, bu hadisə, Məkkə paktı regional və qlobal siyasətdə ciddi çalxalanma yaradan bir hadisə oldu. Üç ölkənin nominal ümumdaxili məhsulu bir yerdə 3,3 trilyon dollardan çoxdur, əhalisi 370 milyondur. Eyni zamanda hərbi imkanları, müdafiə sənayesi, iqtisadi imkanları kifayət qədər yüksəkdir. Burada ilk ağıla gələn Pakistanın nüvəçəkindiriciliyi, Türkiyənin müdafiə sənayesi imkanları və NATO təcrübəsi, Səudiyyə Ərəbistanının maliyyə və iqtisadi imkanlarıdır ki, bu baxımdan hər üç dövlət bir-birini tamamlayır və hər üç dövlətin birləşməsi ciddi şəkildə regional qüvvələr balansına, təhlükəsizlik konfiqurasiyasına təsir göstərəcək bir prosesdir. Amma istənilən halda, yenə deyirəm, bu cür bloklar adətən antiblokların yaranmasına gətirib çıxarır ki, bu, bir tərəfdən deyilə bilər ki, balans, tarazlıq yaradılması baxımından sabitliyə töhfə verə bilər. Soyuq müharibə dönəmində olduğu kimi. Amma digər tərəfdən tərəflər arasında mümkün eskalasiyanı daha da artıra bilər ki, bunun da baş verib-verməyəcəyini sözsüz ki, gələcək göstərəcək.

Pərvanə SULTANOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью