Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı əcnəbi vətəndaşların daşınmaz əmlak əldə etməsinə imkan verən yeni qaydalar tətbiq edir. Müəyyən şərtlərə cavab verən xarici vətəndaşlar, o cümlədən Türkiyə vətəndaşları Məkkədə ev sahibi ola biləcəklər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin inkişafı daşınmaz əmlak sahəsində də yeni imkanlar yaradıb.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 8,6 milyard dollara çatıb. Tərəflər bu göstəricini qısamüddətli perspektivdə 10 milyard, uzunmüddətli perspektivdə isə 30 milyard dollara çatdırmağı hədəfləyirlər.
Səudiyyə Ərəbistanının yeni qaydalarına əsasən, Məkkə və Mədinədə daşınmaz əmlak əldə etmək istəyən əcnəbi fiziki şəxslər müsəlman olmalıdırlar. Mülk əldə etmək hüququ yalnız bunun üçün müəyyən edilmiş ərazilərdə və müvafiq şərtlər daxilində mümkündür.
Səudiyyə Ərəbistanının Ümumi Daşınmaz Əmlak İdarəsinin (REGA) qaydalarına görə, ölkədə yaşamayan əcnəbilər əmlak almadan əvvəl rəqəmsal şəxsiyyət əldə etməli, öz adlarına Səudiyyə Ərəbistanında bank hesabı açmalı və yerli mobil nömrə əldə etməlidirlər. Müraciətlər elektron portal vasitəsilə qəbul olunur.
Türkiyəli sahibkarlar tərəfindən Məkkədə iki yaşayış layihəsinin həyata keçirilməsi də nəzərdə tutulur. Bayt Al Maqam Al Haram Residences və Bayt Al Maqam Masar Tower layihələri çərçivəsində ümumilikdə 647 mənzillik portfel yaradılması planlaşdırılır.
Layihələrdən biri 500 mənzildən ibarət olacaq. Bayt Al Maqam Al Haram Residences kompleksində 350 ədəd 1+1, 150 ədəd isə 2+1 tipli mənzil nəzərdə tutulub. Mənzillərin sahəsi 45 və 65 kvadratmetr olacaq. Kompleks Məscidül-Həramdan təxminən 13 kilometr məsafədə yerləşəcək və sakinlər üçün müntəzəm nəqliyyat xidməti təşkil ediləcək.
Digər layihə olan Bayt Al Maqam Masar Tower isə Məscidül-Həramdan təxminən 900 metr məsafədə inşa ediləcək. Burada 60, 90 və 120 kvadratmetr sahəsi olan 147 mənzilin satışa çıxarılması planlaşdırılır. Alıcılara mənzili tam almaqla yanaşı, paylı mülkiyyət imkanının da təqdim edilməsi nəzərdə tutulur.
Məlumata görə, hər iki layihədə mənzil sahibləri evlərindən şəxsi istifadə edə, istəmədikləri dövrdə isə onları kirayəyə verə biləcəklər. Bu prosesin peşəkar idarəetmə şirkətləri vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Layihələr üzrə ödəniş modelində mənzil dəyərinin 40 faizinin ilkin ödəniş kimi verilməsi, qalan məbləğin isə 36 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, təqdim olunan layihə göstəriciləri və satış şərtləri şirkətlərin yaydığı məlumatlara əsaslanır.