Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər bir təhsil müəssisəsinin rəhbərliyi, yəni direktoru, əlbəttə ki, həmin təhsil müəssisəsinin idarə olunmasında, eləcə də təhsil müəssisəsi ilə bağlı edilən hər hansı şikayətlərə operativ yanaşmaqda məsuliyyət daşıyır. Çünki bu, vəzifə səlahiyyətlərindən irəli gələn məqamlardan biridir.
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
O bildirib ki, əgər məktəb rəhbərliyi, xüsusilə də direktor təhsil müəssisəsində idarəetmə funksiyasını həyata keçirirsə, idarəetmə ilə yanaşı, valideynlərin və ya şagirdlərin şikayətləri, eləcə də narazılıqları ilə bağlı müraciətlərə mütəmadi olaraq baxmalıdır. Bu, birmənalı olaraq belədir:
“İndi vəzifə səlahiyyətlərinə nəzər yetirsək, ilk növbədə, hər hansı valideyn məktəb rəhbərliyinə şagirdlə bağlı və ya müəyyən bir məsələ ilə əlaqədar şikayət edirsə, bu istiqamətdə məktəbin direktoru tərəfindən formalaşdırılmış pedaqoji şura mövcuddur. Əvvəlcə direktor həmin məsələyə baxır. Əgər məsələ direktorun həll edə biləcəyi istiqamətdədirsə, öz həllini tapır. Yox, əgər direktorun həll edə biləcəyi məsələ deyilsə, pedaqoji şuraya yönləndirilir. Pedaqoji şura isə qanunvericiliyə uyğun olaraq, nizamnamədə göstərildiyi kimi, müvafiq qaydada qərar qəbul edir.
Əgər valideyn həmin qərardan yenə də razı deyilsə, şikayətçi artıq yuxarı quruma, məsələn, regionda regional təhsil idarəsinə, şəhərdə isə şəhər üzrə müvafiq təhsil idarəsinə müraciət edir. Əgər həmin qurumdan da mənfi cavab alarsa, Elm və Təhsil Nazirliyinə müraciət etmək hüququ var. Ümumilikdə, son mərhələdə valideynin məhkəmə yolu ilə məsələyə aydınlıq gətirmək hüququ da mövcuddur. O, məhkəməyə müraciət edərək hüquqlarının müdafiəsi istiqamətində təşəbbüs göstərə bilər.
Amma mənim şəxsi düşüncəm bu yöndədir. Xüsusilə də direktorların fəaliyyətinin hansı meyarlarla ölçülməsi məsələsinə gəlincə, hesab edirəm ki, məktəb idarəetməsində direktorların seçimi çox vacib amillərdən biridir.
Direktor seçimi həyata keçirilərkən sadəcə həmin şəxsin məktəbdə fəaliyyət göstərməsinə, müəyyən müddət ərzində orada işləməsinə və ya imtahanlarda iştirak etməsinə baxılmamalıdır. Bu, mənim şəxsi qənaətim və fikrimdir. Məktəb direktorunun seçilməsi və fəaliyyətinin qiymətləndirilməsi çox vacibdir. Çünki söhbət təhsil müəssisəsinin idarə edilməsindən gedir.
Mən imtahan yolu ilə direktor seçiminə qarşıyam. Niyə qarşıyam? İndi bunu da açıqlayacağam.
Xüsusilə bəzi məktəblərdə direktorların fəaliyyəti heç də qənaətbəxş deyil. Bu da ayrıca bir məqamdır. Çünki şəxs imtahanda müəyyən tapşırıqları yerinə yetirib müvafiq bal toplaya, müsabiqə mərhələsindən keçə və qanunvericiliyi müəyyən dərəcədə bilə bilər. Amma praktik olaraq işin öhdəsindən gəlməyə bilər. Biz bunun dəfələrlə şahidi olmuşuq.
Ona görə də mənim düşüncəm bu yöndədir: məktəb direktorlarının qanunvericiliyi bilməsi və praktiki biliklərə malik olması çox vacibdir. Bunun üçün də ilk növbədə həmin şəxslərin direktor müavini kimi fəaliyyətinə diqqət yetirilməlidir. Məktəb direktorları direktor müavini kimi işləməli və onların fəaliyyəti Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra həmin şəxslərə məktəb direktoru səlahiyyətləri verilə bilər.
Bu, mənim şəxsi təşəbbüsümdür və düşünürəm ki, məktəb direktorları mütləq direktor müavinləri arasından seçilməlidir.
Bəs direktor müavinləri arasından necə seçim aparılmalıdır? Onların əvvəlki fəaliyyətinə baxılmalıdır. Əgər fəaliyyətləri qənaətbəxşdirsə, bu zaman məktəb direktorlarının direktor müavinləri arasından seçilməsi ilə bağlı müvafiq qərar qəbul edilə bilər.
Çünki məktəb direktoru ümumi idarəetməni həyata keçirir, direktor müavinləri isə müəyyən mənada məktəb direktorunun səlahiyyətlərinin bir qismini yerinə yetirirlər. Ona görə də düşünürəm ki, bu istiqamətdə təşəbbüs göstəriləcəksə, seçim məhz direktor müavinləri arasından aparılmalıdır. Bunun üçün imtahan və müsahibə mərhələləri keçirilməli, namizədlərin əvvəlki fəaliyyətləri də nəzərə alınaraq seçim həyata keçirilməlidir”.
Ayşən Vəli