Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"Mənim fikrimcə, bu, hərtərəfli düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta mən deyərdim ki, bu, vaxtı keçmiş bir qərardır, çünki, doğrudan da, çoxdan verilməli idi". Bu fikirləri SİA-ya açıqlamasında Əməkdar İncəsənət Xadimi, şair, “Şərəf” ordeni laureatı Baba Vəziroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan çoxlu etnik qrupların, müxtəlif dini baxışların və milli mentalitetlərin mövcud olduğu, böyük-kiçik xalqların yaşadığı bir məmləkətdir. Azad bir məmləkətdir: "Yəni insanların düşüncə müxtəlifliyinə, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Tarixən belə olub, belə də olacaq. Çünki məktəb dini və ya hər hansı bir milli məbəd deyil, məktəb təhsil məbədidir. İnsanlara işıq verən, ziya verən bir məbəddir.
Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini, inanclarını bu məktəbə gətirə bilməz. Bu böyük azadlıq məktəb divarları arasında, həmin təhsil məbədinin öz konkret qayda və azadlıqları çərçivəsində olmalıdır.
Azərbaycanda müxtəlif etnik qruplar yaşayır. Təsəvvür edin ki, hətta çinçuklar da yaşayır. Çinçuklar, bəyəm, məktəbə dəbilqə ilə, hay-harayla, əllərində nizə, əyinlərində əncir yarpağından örtüklə gəlməlidirlər? Əlbəttə ki, bu, gülməlidir. Bunu mən müqayisə üçün dedim.
Bir daha təkrar edirəm ki, məktəb elm, təhsil, ziya və işıq məbədidir. Bu məbədə, onun qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və anlayış göstərməlidir. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də məktəbə — o məbədə ayaq basan hər kəsə aiddir".