Məktəb gələcəyimizin zəka və əxlaq qaynağıdır

03.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən ümummilli lider Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.

Son 20 ildə ölkəmizdə heç bir dövrdə olmadığı qədər – 3700 məktəb tikilib və ya əsaslı təmir olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Sevindirici haldır ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir.

Heydər Əliyev Fondu bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə, dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır.

Təhsil işçilərinin əməkhaqlarının artırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsil işçilərinə böyük stumul verir, onların məsuliyyətini daha da artırır. Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.

Məktəbimizdə həm Azərbaycan, həm də rus bölməsi var. Şagirdlərin təlim-tərbiyəsi ilə 208 müəllim məşğul olur. Bu il də məzunlarımız ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstəriblər. Onlar ölkəmizin müxtəlif ali məktəblərinə, bir nəfər isə Qarabağ Universitetinə qəbul olunub.

Onu da qeyd edim ki, bu ildən şagirdlərin maraqlarına uyğun olaraq tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli tətbiq olunur. Məktəbimiz bütün yeniliklərə, müasir çağırışlara hazırdır və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Yaqut MƏMMƏDOVA,
26 saylı orta məktəbin direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью