Məktəb, parta və əvvəlki xatirələr...

15.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən məktəbə gedirəm”, “Neçənçi sinfə keçirsən?”, “Necə oxuyursan?”, “Dərslərindən neçə alırsan?”, “2 dəfə 2 neçə edir?” – məktəb vaxtı bizi tanıyanların verdiyi suallar idi. “Gəl lövhəyə”, “Niyə oxumamısan?”, “5 keç, otur”, “Lövhəni sil”, “Yoldaşlarınla yaxşı rəftar elə” və s. – bunlar isə müəllimlərimizin bizə söylədiyi kəlimələr idi. İndi isə deyirəm: məktəb illəri ömrümün ən şirin, duyğulu illəridir...

O gündən artıq 24 il ötüb – məktəbə ilk qədəm qoyduğum gündən. Necə qayğılı idik! Qorxaq, çəkingən, həyəcanlı, ağlağan...nə olacağının fərqində deyildik. Səhər anamız saçlarımızı darayıb hörər, ağ rəngli bantiklərimizi saçlarımıza vurar, gözəl məktəb paltarımızı geyinərdik. İnsan məktəb paltarında necə səliqəli, gözəl görünür, elə deyilmi? O müqəddəs məbədə ayağımızı hər qoyanda həyəcanlanardıq. “Görəsən, bu gün müəllim nə deyəcək? Qışqıracaq üstümüzə, dərsimizi bilməsək bizi vuracaq?” kimi suallar beynimizdə dolanırdı.
Bəli, əvvəllər elə idi. Dərsimizi bilməyəndə müəllim xətkeşlə əllərimizi qızardırdı ki, niyə dərsini oxumamısan. Bir bəhanəmiz vardı: “Yadımdan çıxıb”. O anın təlaşı ilə ağlımıza gələn ilk cümlə bu olurdu.  Divar künclərində əllərimiz yuxarı tək ayaq üstü durduğumuz vaxtlar da olurdu...Amma ümumiyyətlə, yaxşı oxuyurduq. Çünki müəllimi ikinci valideynimiz kimi görürdük. Biz oxumayanda narahat olan, dərsə gəlməyəndə zəng edib soruşan, uğurumuza sevinən idi müəllim. Dərslərimizi yaxşı oxuyanda onların üzündəki sevinc, qürur heç yaddaşımdan çıxmır. Məktəbdə tənəffüslərimiz də maraqlı keçirdi. Gizlənqaç, qovala-qaçdı, ocaq yandı, su qaynadı, bənövşə bəndə düşə kimi oyunlar oynayır, tənəffüsü də mənalı keçirirdik. Bəzən dərs zili çalır, başımız oyuna o qədər qarışırdı ki, müəllim pəncərədən “Gəlin dərsə!” – deyə bizi səsləyirdi.

Çox şirin, çox gözəl, mənalı 11 ilimiz keçib. Əvvəl indiki kimi elektron lövhələr yox idi. Lövhəyə çıxıb təbaşirlə yazıları yazar, əldə toxunma silgi ilə lövhəni silərdik. O təbaşirin ağ rəngi bəzən paltarlarımıza tökülərdi. Əyləşdiyimiz partalar narahat olsa da yeni idi və dərsimizi yaxşı danışıb keçib oturanda o qədər rahat və yumşaq gəlirdi ki insana! Dərs qurtaranda məktəb çantalarımızı götürüb şirin söhbət edə-edə evimizə yollanırdıq, nələrsə üstündə sinif yoldaşlarımızla da zarafatlaşırdıq. 

Mən bacımla bir sinifdə oxumuşam. Evə gələr-gəlməz yeməyimizi yemədən süfrəyə dəftər-kitabımızı açıb dərs oxumaq, yazı yazmaq istəyirdik. Məktəb həm də bizi həvəsləndirirdi: “Oxumaq, oxumaq, yenə də oxumaq!” – şüarımız bu idi. Çünki müəllimlərimiz də çalışırdı ki, biz yaxşı oxuyaq. Şagirdinin uğuru elə müəllimin uğuru demək idi.
İndi zaman dəyişilib. Tələbat, keyfiyyət meyarları, şagirdin maraq və istəyi dəyişib, mən deyərdim ki, daha da inkişaf edib. O vaxt bizdən soruşanda “Böyüyəndə kim olacaqsan?”, ağlımıza birinci müəllim, həkim kəlməsi gəlirdi. İndi uşaqdan soruşursan, deyir pilot, mühəndis, ingilis dili üzrə mütəxəssis olacağam. Uşaq beyni, ağlı daha əvvəlki kimi düşünmür. Biz çox az danışıb, çox oxuyurduq. İndiki uşaq çoxlu suallar verməkdən çəkinmir, çox danışıb yaxşı da oxuyurlar. Biz müəllimdən böyük kimi çəkinirdik. Yadımdadır, küçədə müəllimimizi görəndə qaçıb gizlənirdik ki, vaxtımızı boşa xərclədiyimizi görməsin. İndiki uşaqlar müəllimlə dostdur, indi onlar qol-qola girib gəzirlər.
İnternet əsri uşaqları da tez böyütdü. Onların beynini, ağlını, duyğularını  da dəyişdi. Mənim ilk telefonum 10-cu sinifdə oxuyanda olub. Onu da “İmtahanlardan neçə bal yığmışam?” öyrənim deyə 7727-yə mesaj göndərirdim. İndi isə 2-5-ci sinif şagirdinin də əlində telefon olduğunu görə bilərik. Bu, bir tərəfdən lazım olan informasiyanı tapıb kömək edirsə, valideyn narahatlığının qarşısını alırsa da, digər tərəfdən, həddindən artıq işlətmək uşaqların gözünü, beynini, duyğularını zəiflədir. Amma nə edək ki, müasir dövrümüzdə bu, qaçılmazdır...

Məktəbli uşaqlara tövsiyəm vardır: məktəb çağlarınızın qədrini bilin, çünki bir daha heç vaxt məktəbli olmayacaqsınız. Ən acınacaqlısı da odur ki, bir daha heç vaxt uşaq olmayacaqsınız. 30 yaşım vardır. Hərdən uşaqlıq illərimə qayıtmaq istəyirəm – qayğısız, sevinc dolu, kövrək, saf, təmiz uşaqlıq illərimə. Amma nə qədər istəsəm də, olmur, heç süni intellekt düzəltdiyi şəkillər də o duyğunun yerini vermir...

Əziz uşaqlar, məktəb iliniz xeyirli, uğurlu olsun! Əziz müəllimlər, sizə cansağlığı və məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzu edirəm.

Güntac ŞAHMƏMMƏDLİ
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью