Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu TƏKLİF

14.09.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məktəb, uşaq bağçası, poliklinika və xəstəxanaların qarşısında yalnız sürət məhdudiyyəti nişanlarının quraşdırılması yol hərəkəti təhlükəsizliyinin tam təmin olunması üçün kifayət deyil.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu ərazilərdə avtomobillərin sürətinin real şəkildə azaldılması üçün fiziki trafik sakitləşdirici vasitələrdən, o cümlədən “Berlin yastıqları”ndan istifadə edilməlidir.

Ekspertin sözlərinə görə, sürət həddinin nişanla göstərilməsi ilə avtomobili fiziki olaraq yavaşlamağa məcbur edən yol infrastrukturu eyni nəticəni vermir. Xüsusilə uşaqların və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə sürətin azaldılması qəzanın başvermə ehtimalına, eləcə də qəza baş verdiyi halda onun nəticələrinin ağırlığına birbaşa təsir edir.

Rauf Ağamirzəyev qeyd edib ki, yeni tədris ilinin başlamasına az vaxt qaldığı üçün məktəblərin qarşısında təhlükəsizliyi təmin edən fiziki infrastrukturun təkmilləşdirilməsi prioritet məsələlərdən biri olmalıdır.

“Burada məqsəd sadəcə sürət həddini göstərmək deyil. Əsas məsələ sürücünün həmin sürətə əməl etməsini yol infrastrukturu vasitəsilə təmin etməkdir”, - deyə ekspert vurğulayıb.

Onun fikrincə, məktəblərin və digər sosial obyektlərin qarşısında piyada keçidlərinin təhlükəsiz təşkili, səkilərin yaxşılaşdırılması, işıqlandırmanın gücləndirilməsi və sürəti fiziki şəkildə azaldan həllərin tətbiqi yol hərəkəti təhlükəsizliyinin artırılmasına mühüm töhfə verə bilər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью