Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Məktəblərin səhər saat 8-də başlaması müxtəlif yaş qruplarından olan uşaqlara fərqli şəkildə təsir göstərir. Xüsusilə uzun yay və ya mövsümi tətildən sonra məktəbə qayıdan uşaqlar üçün bu saat adaptasiya baxımından bir qədər çətin ola bilər. Çünki tətillər dövründə uşaqların yatma və oyanma rejimi dəyişir, daha gec yatmağa və gec durmağa öyrəşirlər. Bu vərdişlərin birdən-birə dəyişdirilməsi isə uşaqlarda yorğunluq, diqqət dağınıqlığı və psixoloji narahatlıq yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, tətilin bitməsinə təxminən bir-iki həftə qalmış uşaqları tədricən erkən oyanmağa alışdırsınlar:
"Bu zaman uşağın yuxu rejimi yavaş-yavaş məktəb saatlarına uyğunlaşdırılır və dərs ilinin əvvəlində ciddi problemlərin qarşısı alınmış olur. Əslində, məktəbin səhər saat 8-də başlaması günün düzgün bölünməsi baxımından normal və məqsədəuyğun hesab edilə bilər. Belə ki, uşaqlar təxminən saat 7-də yuxudan durur, səhər yeməklərini rahat şəkildə yeyir və vaxtında məktəbə gedə bilirlər. Məktəbdə müəyyən saatları keçirdikdən sonra günorta evə qayıdır, nahar edir və günün qalan hissəsini istirahətə və ya ev tapşırıqlarına ayıra bilirlər. Bu cür rejim uşağın həm fiziki, həm də zehni inkişafı üçün daha uyğundur.
Bununla belə, bəzi hallarda psixoloqlar dərslərin saat 8-də deyil, məsələn, 9:30-da başlamasını da məsləhət görə bilirlər. Bu, xüsusilə kiçik yaşlı uşaqlar üçün daha rahat ola bilər. Belə olduqda, uşaqlar səhər daha sakit şəkildə hazırlaşır, stress keçirmir və dərsə daha enerjili başlayırlar. Ancaq bu variant işləyən valideynlər üçün müəyyən çətinliklər yarada bilər və hər ailənin həyat tərzinə uyğun olmaya bilər.
Növbəli təhsil məsələsinə gəldikdə isə, müşahidələr göstərir ki, birinci növbədə oxuyan uşaqların sinir sistemi və gündəlik rejimi daha stabil olur. Onlar vaxtında yatıb durmağa, dərslərini günün erkən saatlarında yerinə yetirməyə daha asan uyğunlaşırlar. İkinci növbədə oxuyan uşaqlar, xüsusilə də balacalar isə axşam saatlarında məktəbdən qayıdır, ev tapşırıqlarını gec saatlarda edir və nəticədə gec yatırlar. Bu da onların səhərlər yorğun oyanmasına, diqqət problemlərinə və günün böyük hissəsini səmərəsiz keçirmələrinə səbəb olur. Uşaqların psixoloji sağlamlığı və gündəlik funksionallığı baxımından düzgün təhsil saatlarının seçilməsi, həmçinin valideynlərin uşaqları vaxtında rejimə uyğunlaşdırması olduqca vacibdir".