Məktəbdə tədris olunmur, imtahanda soruşulur Ekspertdən SƏRT İRAD

30.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Lisey və gimnaziyalara qəbul imtahanlarında şagirdlərdən məntiq üzrə də bilik və bacarıqlar tələb olunur. Lakin ümumi təhsil məktəblərində məntiq ayrıca fənn kimi tədris edilmir. 

Bəs məntiq fənn kimi məktəblərdə tədris olunmalıdırmı?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bölüşən təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, təhsildə məntiqin tədrisi ilə bağlı dəfələrlə fikirlər səsləndirilib, amma təəssüf ki, bu, hələ reallaşmayıb:

"Görünən odur ki, bu gün ali təhsil müəssisələrində, o cümlədən ümumtəhsil məktəblərində məntiqlə bağlı, demək olar ki, heç nə tədris olunmur. Ali təhsil müəssisələrində isə məntiq bəzi universitetlərdə bir semestr tədris olunur, o da çox zəif səviyyədə. Lisey və gimnaziyalara qəbul zamanı da bunun özündə müəyyən çatışmazlıq var. Çünki tədris olunmayan bir məsələ ilə bağlı biliyin ölçülməsi meyarının nə dərəcədə düzgün əsaslandırıldığı sual doğurur. Bir fənn tədris olunmursa, onunla bağlı hansı meyarlarla ölçmə aparılacağı da məlum deyil".

Müsahibimiz əlavə etdi ki, təkcə məntiqin magistratura səviyyəsində nə qədər problem yaratdığını görürük:

"Magistratura imtahanında 50 sual məntiqdən, 25 sual informatikadan, 20 sual ingilis dilindən verilir, əlavə olaraq 5 bal da açıq tipli ingilis dili essesinə ayrılır. İndi siz baxın, orada ixtisasla bağlı hər hansı bir sual qoyuluşu varmı? Heç nə yoxdur. Düzdür, biz fikirləşirik ki, dünya standartlarına uyğunlaşaq. Ancaq dünya standartlarına çatmaq, məntiqi təfəkkürü yoxlamaq və ölçmək üçün əvvəlcə bunun tədris olunması lazımdır ki, ölçmə vasitəsi ilə onun nə qədər mənimsənildiyini müəyyən edə bilək".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью