Məktəbə hazırlıq təkcə çanta deyil Psixoloq danışdı

11.09.2026

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər bu günlərdə məktəb forması, çanta, dəftər-kitab və digər ləvazimatların hazırlanmasına xüsusi diqqət yetirirlər. Lakin uşağın məktəbə hazırlığı yalnız maddi ehtiyacların təmin olunmasından ibarət deyil. Onun yeni rejimə, qaydalara, məsuliyyətə, müəllimə və həmyaşıdlarına psixoloji baxımdan hazır olması da vacibdir.

Doğru.az xəbər verir ki, xüsusilə məktəbə ilk dəfə gedəcək uşaqlar üçün bu, tamamilə yeni mərhələdir. Uşaq ev və ya bağça mühitindən fərqli olaraq daha çox qaydanın olduğu, müəyyən məsuliyyət daşıdığı və uzun müddət ailəsindən ayrı qaldığı mühitə daxil olur.

Psixoloq-pedaqoq, uşaq inkişaf mütəxəssisi, Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Mənsurə Qəhrəmanova uşaqların məktəbə psixoloji hazırlığı ilə bağlı mühüm tövsiyələr verib.

Onun sözlərinə görə, uşağa məktəbi qorxulu məsuliyyət kimi təqdim etmək düzgün deyil. “Müəllim səni danlayacaq”, “Dərsini oxumasan, pis olacaq” kimi ifadələr uşağın məktəblə bağlı narahatlığını artıra bilər.

Uşaq məktəbi cəza və təzyiq yeri kimi deyil, yeni biliklər qazanacağı, dostlar tapacağı və bacarıqlarını inkişaf etdirəcəyi mühit kimi qəbul etməlidir.

Uşağın narahatlığını kiçiltməyin

Məktəbə başlamazdan əvvəl uşağın müxtəlif sualları və qorxuları ola bilər. Valideyn bu hissləri “boş şeydir” deyərək kiçiltməməli, uşağı dinləməli və onu narahat edən məsələlərə konkret cavab verməlidir.

“Gəl bunu birlikdə düşünək”, “Səni ən çox nə narahat edir?” kimi yanaşmalar uşağın özünü daha güvənli hiss etməsinə kömək edir.

İlk günlərdə mükəmməllik gözləməyin

Məktəbə yeni başlayan uşağın ilk gündən bütün qaydalara tam əməl etməsi, dərsdə uzun müddət diqqətini saxlaması və yeni mühitə dərhal uyğunlaşması real gözlənti deyil.

İlk həftələrdə yorğunluq, diqqətin tez yayınması, məktəbə getmək istəməmək və evdə daha həssas davranmaq müşahidə oluna bilər. Bunları dərhal “tənbəllik” və ya “intizamsızlıq” kimi qiymətləndirmək düzgün deyil.

Uşaqları digər uşaqlarla müqayisə etməyin

“Bax, dostun səndən yaxşı yazır”, “Filankəs artıq hamısını bilir” kimi ifadələr uşağın özünəinamını zəiflədə bilər.

Hər uşağın inkişaf tempi və öyrənmə üsulu fərqlidir. Valideyn uşağı başqaları ilə deyil, özünün əvvəlki nəticələri ilə müqayisə etməlidir.

Uşağa kiçik məsuliyyətlər verin

Məktəbə başlamazdan əvvəl uşağın çantasını hazırlamaq, əşyalarını yerinə qoymaq, geyimlərini səliqəyə salmaq kimi sadə işlərdə iştirak etməsi onun müstəqilliyini artırır.

Burada əsas məqsəd uşağın bütün işləri tək görməsi deyil, onda “Mən bunu bacara bilərəm” hissini formalaşdırmaqdır.

Rejimi tədricən dəyişin

Yay aylarında gec yatmağa və gec oyanmağa öyrəşmiş uşağın məktəb başlaması ilə bir gündə yeni rejimə keçirilməsi əlavə stress yarada bilər.

Bu səbəbdən yuxu və oyanma saatlarını məktəb başlamazdan əvvəl tədricən dəyişmək, yemək, oyun, ekran və istirahət vaxtlarını müəyyən ardıcıllığa salmaq tövsiyə olunur.

Uşağa özünü qorumağı öyrədin

Uşaq bilməlidir ki, xoşuna gəlməyən davranışla qarşılaşdıqda öz narazılığını ifadə edə bilər. “Mən bunu istəmirəm”, “Mənə kömək lazımdır” kimi ifadələri öyrənməsi vacibdir.

Həmçinin uşaq narahat olduğu məsələni müəllimə, valideynə və ya etibar etdiyi başqa bir böyüyə danışmaqdan çəkinməməlidir.

Səhv etməsinə imkan verin

Məktəb həyatının ilk mərhələsində uşağın səhvlər etməsi normaldır. Səhvə görə uşağı utandırmaq əvəzinə, səhvi öyrənmə prosesinin bir hissəsi kimi təqdim etmək daha doğrudur.

“Bu dəfə alınmadı, gəlin bir daha yoxlayaq” yanaşması uşağın öyrənməyə münasibətinə müsbət təsir göstərə bilər.

Uşağın məktəb həyatı ilə bağlı hisslərini dinləyin

Dərs ili başlayandan sonra valideyn yalnız qiymətlər və müəllimin münasibəti ilə maraqlanmamalıdır. Uşağın emosional vəziyyətinə də diqqət yetirmək lazımdır.

“Bu gün səni ən çox nə sevindirdi?”, “Səni narahat edən bir şey oldumu?”, “Bu gün özünü necə hiss etdin?” kimi suallar uşağın məktəb həyatını daha yaxından anlamağa imkan verir.

Sonda əsas mesaj isə uşağa “Sən tək deyilsən” hissini verməkdir. Uşaq bilməlidir ki, qarşılaşdığı çətinlikləri valideyni ilə bölüşə, dəstək ala və çıxış yolu tapa bilər.

Məktəbə hazırlıq yalnız forma, çanta və dəftərlərin alınması ilə yekunlaşmır. Ən vacib hazırlıqlardan biri uşağın daxilində “Mən bacara bilərəm, səhv edə bilərəm, öyrənə bilərəm və ehtiyacım olduqda kömək istəyə bilərəm” düşüncəsinin formalaşdırılmasıdır.

Mənsurə Qəhrəmanova
Psixoloq-pedaqoq, Uşaq İnkişaf Mütəxəssisi
Yurd İnklüziv İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью