Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb.
Artıq valideynlər məktəb üçün lazım olan ləvazimatları və məktəbli formasını almağa başlayıblar. Lakin uşağın məktəbə hazırlığı yalnız onun üçün lazım olan əşyaların alınması ilə bitmir.
Diqqət edilməli əsas məqamlardan biri də uşağın məktəbə psixoloji baxımdan hazırlanmasıdır. Çünki hər uşaq məktəbə eyni cür uyğunlaşmır. Elə uşaq var ki, ilk gündən yeni mühitə asanlıqla alışır, müəllim və sinif yoldaşları ilə ünsiyyət qurur.
Elə uşaqlar da var ki, valideynindən ayrılmaqda çətinlik çəkir, məktəbə getmək istəmir, yeni mühitə uyğunlaşa bilmir və hətta məktəbə gedərkən ciddi narahatlıq yaşayır. Xüsusilə ilk dəfə məktəbə gedən uşaqlar üçün bu mərhələ həm yeni, həm də emosional baxımdan çətin dövr hesab olunur.
Bəs valideynlər övladlarını məktəbə psixoloji olaraq necə hazırlamalıdır?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, məktəbə başlamaq uşağın həyatında ən böyük dəyişikliklərdən biridir:
"Uşağın yeni mühitə uyğunlaşması, valideynindən bir müddət ayrı qala bilməsi, müəllimi dinləməsi, qaydalara əməl etməsi, yaşıdları ilə ünsiyyət qurması və çətinlik qarşısında özünü itirməməsi də məktəb hazırlığının vacib hissəsidir.
Buna görə valideynlər məktəb başlamazdan əvvəl uşağın emosional vəziyyətinə də ciddi diqqət yetirməlidirlər. Əvvəlcə valideyn uşağın məktəblə bağlı hansı hisslər keçirdiyini öyrənməlidir.
Uşaq həyəcanlıdırsa, onu məcburən bu hissdən uzaqlaşdırmağa çalışmaq düzgün deyil. Uşaqla sakit şəkildə danışmaq, onu dinləmək və narahatlığının səbəbini anlamaq lazımdır. Bəzən uşaq məktəbdən yox, valideynindən ayrılmaqdan, yeni uşaqların arasında qalmaqdan və ya müəllimin qarşısında səhv etməkdən çəkinir.
Səbəbi biləndə uşağa kömək etmək də asan olur. Valideynin əsas məqsədi uşağa məktəbin həyatında yeni və normal bir mərhələ olduğunu göstərməkdir. Uşağı məktəblə bağlı həddindən artıq həyəcanlandırmaq da, qorxutmaq da lazım deyil. Məktəb haqqında gündəlik və müsbət şəkildə danışmaq, uşağın suallarına səbirli cavab vermək daha doğru yanaşmadır".
Psixoloqun sözlərinə görə, valideyn uşağın qarşısına ilk gündən böyük nəticə tələbi qoymamalıdır:
"Uşaq məktəbə başlayanda hər şeyi mükəmməl etməyə bilər. Oxumaqda, dərsdə fikrini yopıamaqda çətinlik çəkə, tapşırığı gec yerinə yetirə bilər. Bunlar uyğunlaşma dövrünün bir hissəsidir. Əgər uşaq hər səhvinə görə danlanırsa, zamanla məktəbdən və dərsdən uzaqlaşa bilər.
Uşağı digər uşaqlarla müqayisə etmək də düzgün deyil. Kimin daha tez oxuduğu, kimin daha yaxşı yazdığı, kimin daha yüksək qiymət aldığı uşağın özünə münasibətinə təsir edir. Valideyn uşağın başqalarından nə qədər yaxşı olduğuna yox, özünün əvvəlkindən nə qədər irəlilədiyinə diqqət etməlidir".
Psixoloq qeyd edib ki, məktəbə qədər uşağın müəyyən gündəlik vərdişləri də formalaşdırılmalıdır:
"Vaxtında yatmaq, səhər vaxtında oyanmaq, geyinmək, çantasını yığmaq, öz əşyalarına nəzarət etmək kimi sadə işləri tədricən uşağın özünə həvalə etmək lazımdır. Bu, onun məktəbdə özünü daha sərbəst hiss etməsinə kömək edir. Uşağın məktəbə münasibətində valideynin öz davranışı da böyük rol oynayır.
Valideyn məktəbə görə həddindən artıq narahatdırsa, uşaq da bunu hiss edir. Ona görə də böyüklər öz narahatlıqlarını uşağın üzərinə keçirməməlidirlər. Uşağa əsas hissi vermək lazımdır ki, məktəbdə qarşılaşdığı hər hansı çətinliyi valideyni ilə bölüşə bilər və bunun üçün danlanmayacaq.
Əgər uşaq məktəb başlamamışdan əvvəl ciddi qorxu yaşayırsa, davamlı ağlayırsa, valideyndən ayrılmaq istəmirsə və bu vəziyyət gündəlik həyatına təsir edirsə, məsələni sadəcə şıltaqlıq kimi qiymətləndirmək olmaz. Belə halda uşağın psixoloqla danışması faydalı ola bilər.
Uşaq məktəbə gedərkən bilməlidir ki, hər şeyi bir gündə öyrənməli deyil, səhv edə bilər, sual verə bilər və çətinlik çəkəndə kömək istəyə bilər. Bu yanaşma uşağın məktəbə daha rahat başlamasına və sonrakı dövrdə özünə inamını qorumasına təsir göstərir".
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin