Məktəbə smartfon gətirmək qadağan olunsun Ekspert

27.01.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər Gürcüstanda məktəblərdə mobil telefonların istifadəsi ilə bağlı yeni təşəbbüs müzakirə olunur. Orada təkcə şagirdlərə deyil, müəllimlərə də dərs zamanı mobil telefonlardan istifadəni məhdudlaşdırmaq nəzərdə tutulur, bu da təhsil islahatının bir hissəsidir və 2026–2027-ci tədris ilindən tətbiq olunacaq. Məqsəd müəllimlərin şagirdlərə müsbət nümunə göstərməsi və dərs mühitinin daha fokuslu olmasıdır.
Maraqlıdır, bu ölkəmizdə də tətbiq oluna bilərmi?
Bu barədə Demokrat.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev deyib ki, tədris prosesində telefondan istifadə nə şagirdlər, nə də müəllimlər üçün müsbət təəssürat yaradır:
“Bu məsələ artıq tək-tək hallar deyil, ümumilikdə təhsil sistemində davam edən ciddi problemlərdən birinə çevrilib. Xüsusilə smartfonların dərs zamanı diqqəti yayındırması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu problemin həlli ilk növbədə valideyn mövqeyindən başlamalıdır. Şagirdlərin xüsusilə smartfonlarla məktəbə gəlməsinə qadağa qoyulması birmənalı və prinsipial şəkildə tətbiq olunmalıdır. Paralel olaraq, tədris sistemində müəyyən tənzimləmələr aparılmadan telefondan istifadəyə tam məhdudiyyət qoymaq da çətin görünür. Çünki hazırda bir çox müəllim elektron testlərdən və rəqəmsal tapşırıqlardan istifadə edir və bu da şagirdləri istər-istəməz telefona yönəldir”. 
O bildirib ki, bu ziddiyyəti aradan qaldırmaq üçün orta ümumtəhsil məktəbləri elektron lövhələrlə tam təmin olunmalıdır:
“Elektron lövhələr tətbiq edildikdən sonra müəllimlər bütün rəqəmsal materialları sinif daxilində təqdim edə biləcək, beləliklə nə şagirdlərin, nə də müəllimlərin smartfona ehtiyacı qalacaq. Bu yanaşma həm dərs prosesinin nizamlanmasına, həm də şagirdlərin diqqətinin artmasına müsbət təsir göstərəcək. Elektron infrastruktur qurulduqdan sonra smartfonların sinif otağından tamamilə çıxarılması mümkün olacaq. Ümumiyyətlə, şagird dərsə telefonla daxil olmamalıdır və bu qayda sistemli şəkildə tətbiq edilməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью