Məktəbəqədər hazırlıq məcburi olmalıdır TƏKLİF

15.10.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi rayonlarda məktəbəqədər hazırlıq qrupları formal olaraq mövcud olsa da, onların faktiki təşkili ilə bağlı problemlər qalmaqdadır. Halbuki uşaqların məktəbə hazırlıq prosesindən kənarda qalmaması, ilkin bilik və bacarıqlara yiyələnməsi, eləcə də sosial adaptasiyası baxımından bu qrupların bütün rayonlarda əlçatan olması vacibdir.

Bəs məktəbəqədər hazırlıq qruplarının olmadığı ərazilərdə uşaqlar hansı imkanlardan məhrum olurlar? Bu hazırlığa gedən və getməyən uşaqlar arasında hansı fərqlər yaranır və məktəbəqədər hazırlığın bütün rayonlarda təşkil edilməsi nə dərəcədə zəruridir?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlama verib:

“Rayonlarda məktəbəqədər hazırlıq vacibdir və mütləq təşkil olunmalıdır. Hazırda məktəbəqədər hazırlıq qrupları könüllüdür. Yəni valideyn istəyərsə, övladını 5 yaşından məktəbəqədər hazırlıq qruplarına qoyar, istəməzsə, qoymaz. Lakin məktəbəqədər hazırlıq qrupları könüllü deyil, məcburi təşkil olunmalıdır. 5-6 yaş aralığı uşaqların təməl bilikləri mənimsəməsi baxımından pedaqoji-psixoloji cəhətdən çox uğurlu dövrdür. Uşaqlar məktəbəqədər hazırlıq qruplarına getmədikdə bu qızıl ildən, qızıl 12 aydan çox şey itirirlər. İnsan nevrologiyası və fiziologiyası çox mürəkkəb sistemdir. Bəlli bir yaş dövründə insan beyninin bir günü sonrakı yaş dövründəki bəlkə də bir neçə ilə bərabər olur. 5-6 yaş aralığında da bu belədir”.

Təhsil ekspertinin sözlərinə görə, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur. Birinci sinifdən etibarən şagirdlər arasında ciddi disbalans müşahidə edilir. Məsələn, iki uşağı götürək: X və Y. Uşaqlardan biri məktəbəqədər hazırlıq qruplarına gedərək müəyyən təməl biliklər əldə edir, digəri isə bu qruplara getmir və məktəblə təması yalnız 6 yaşında, birinci sinifdən başlayır. Bu uşaqlar arasında sosial adaptasiya, informasiyanın qavranılması, yaddaş və hafizə, eləcə də özünüifadə baxımından çox ciddi fərqlər yaranır. Bu fərq şagirdin psixologiyasında əvvəldən travma kimi qalır və bütün təhsil həyatı boyu onu izləyir.

“Bu gün rayonlarda məktəbəqədər hazırlıq qruplarının təşkil olunmadığı yerlərdə də mütləq belə qruplar yaradılmalıdır. Gələcəkdə məktəbəqədər hazırlıq qruplarının könüllü deyil, məcburi olması arzuolunandır”, – deyə ekspert bildirib.

Nicat Rüstəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью