Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi, xüsusilə regionlarda bu sahənin infrastrukturunun genişləndirilməsi vacibdir.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dövlət büdcəsinin ümumi xərclərinin 44,2 faizini sosial xərclər təşkil edir. Bu vəsaitlərin səmərəli istiqamətləndirilməsi əhalinin sosial rifahının yüksəldilməsi və təhsil imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, təhsilin inkişafı yalnız orta təhsilə diqqətin artırılması ilə məhdudlaşmamalı, məktəbəqədər təhsilin genişləndirilməsi də əsas prioritetlərdən biri olmalıdır.
A.Badamovun sözlərinə görə, mövcud məlumatlara əsasən, ölkədə uşaqların yalnız 42 faizi məktəbəqədər təhsilə cəlb olunur. Bu imkanlar əsasən böyük şəhərlərdə cəmləşib, regionlarda isə vəziyyət fərqlidir. Məsələn, Qusar rayonunda uşaqların cəmi 6,9 faizi məktəbəqədər təhsilə cəlb olunur.
Deputat bu baxımdan Qusarda mövcud məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına və genişləndirilməsinə ehtiyac olduğunu bildirib. O, sözügedən məsələlərin dövlət büdcəsi çərçivəsində dövlət investisiya proqramına daxil edilməsinin nəzərdən keçirilməsini təklif edib.
A.Badamov əlavə edib ki, məktəbəqədər təhsilin əlçatanlığının artırılması uşaqların gələcək təhsil imkanlarının yaxşılaşdırılması və regionlar arasında mövcud fərqlərin azaldılması baxımından əhəmiyyətlidir.