Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda ümumtəhsil müəssisələrində təhsil alanların sayı əvvəlki tədris ili ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2025/2026-cı tədris ilində şəhər məktəblərində 1 milyon 96,8 min, kənd məktəblərində isə 577,9 min şagird təhsil alıb. 2024/2025-ci tədris ilində isə şəhər yerlərində şagirdlərin sayı 1 milyon 98,4 min, kənd yerlərində 596,7 min nəfər olub. Beləliklə, bir il ərzində şəhər məktəblərində şagirdlərin sayı 1,6 min, kənd məktəblərində isə 18,8 min nəfər azalıb.
Bu azalmanın səbəbləri sırasında ölkədə doğum səviyyəsinin aşağı düşməsi, əhalinin say dinamikasındakı dəyişikliklər və kənd yerlərindən şəhərlərə miqrasiya kimi demoqrafik amillərin dayanması göstərilir.
Bəs şagird sayındakı azalma nə ilə bağlıdır və bu tendensiya gələcəkdə təhsil sisteminə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda şagird sayının azalması ilk növbədə ölkədə baş verən demoqrafik dəyişikliklərin və kənd yerlərində əhalinin sayının azalmasının təhsil sistemindəki əksidir. O qeyd edib ki, bu prosesə yalnız doğum səviyyəsinin aşağı düşməsi kimi yanaşmaq düzgün deyil:
“Burada həm təbii artımın zəifləməsi, həm daxili miqrasiya, həm də əhalinin yaş strukturunda baş verən dəyişikliklər mühüm rol oynayır. Diqqətçəkən məqam odur ki, şagird sayındakı azalmanın əsas hissəsi kənd məktəblərinin payına düşür. Bu da problemin yalnız doğum səviyyəsi ilə bağlı olmadığını, kənd yerlərində demoqrafik vəziyyətin daha ciddi şəkildə dəyişdiyini göstərir”.
İqtisadçı-ekspertin sözlərinə görə, bu tendensiyanın təhsil sisteminə təsiri ikitərəfli olacaq:
“Bir tərəfdən, bu proses təhsil sektorunda müəyyən iqtisadi və təşkilati çətinliklər yaradacaq. Şagird sayı az olan kənd məktəblərinin saxlanılması dövlət üçün daha çox maliyyə vəsaiti tələb edəcək. Eyni zamanda, müəllimlərin dərs yükü və iş yerləri ilə bağlı problemlər də yarana bilər.
Bəzi məktəblərin birləşdirilməsi və ya fəaliyyətinin optimallaşdırılması gündəmə gələ bilər. Kəndlərdə məktəbəqədər və ümumtəhsil infrastrukturunun saxlanılması çətinləşə bilər. Xüsusilə ucqar kəndlərdə şagird sayının azalması məktəblərin bağlanması riskini artırır”.
Anar İsayev əlavə edib ki, digər tərəfdən, şagird sayının azalması təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəyyən imkanlar da yarada bilər:
“Məsələn, siniflərdə şagird sıxlığının azaldılması, müəllim-şagird münasibətlərinin daha fərdi şəkildə qurulması və təhsil resurslarının səmərəli bölüşdürülməsi mümkün ola bilər. Lakin bu nəticələr avtomatik şəkildə əldə olunmayacaq. Bunun üçün dövlətin düzgün təhsil və maliyyə siyasəti həyata keçirməsi vacibdir.
Dövlət bu rəqəmlərə yalnız təhsil statistikasının göstəricisi kimi yanaşmamalıdır. Bu, həm də kəndlərin gələcəyi, əmək bazarının perspektivi, regional inkişaf və ölkənin demoqrafik təhlükəsizliyi ilə bağlı məsələdir”.
A.İsayev vurğulayıb ki, şagird sayının azalması təkcə təhsil sisteminin deyil, həm də kəndlərin gələcəyinin məsələsidir:
“Əgər indidən düzgün siyasət qurulmasa, gələcəkdə problem təkcə məktəblərdə şagird çatışmazlığı ilə məhdudlaşmayacaq. Daha ciddi məsələ bəzi kəndlərin sosial və iqtisadi baxımdan boşalması, təhsil infrastrukturunun zəifləməsi olacaq. Ona görə də təhsil siyasəti ilə demoqrafik və regional inkişaf siyasəti bir-birindən ayrı həyata keçirilməməlidir”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin