Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Məlum olduğu kimi, Formula 1 Bakı Qran Prisi ilə əlaqədar paytaxtda bəzi yollar bağlanıb, nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq edilib. Artıq yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunur.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) də bu həftə dərslər onlayn rejimdə keçiriləcək.
Bəs digər universitetlərdə vəziyyət necədir?
Bakıvaxtı.az məsələ ilə bağlı bir sıra ali təhsil müəssisələrinin mövqeyini öyrənib.
Bakı Slavyan Universitetindən bildirilib ki, universitetdə tədris prosesi tam əyani formada həyata keçirilir. Yollarla bağlı məhdudiyyətlər səbəbindən dərslərin onlayn formata keçirilməsi ilə bağlı qərar yoxdur.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) də dərslər həmişəki qaydada, yəni əyani formada keçirilir. Universitetdə tədrisin onlayn formata keçirilməsi ilə bağlı hər hansı dəyişiklik edilməyib.
Azərbaycan Dillər Universitetindən (ADU) də bildirilib ki, dərslər əyani formada davam etdirilir. Hazırda universitetdə tədrisin onlayn formata keçirilməsi ilə bağlı qərar qəbul olunmayıb.
Bakı Dövlət Universitetində (BDU) isə tələbələrin verdiyi məlumata görə, bütün dərslər əyani formada keçirilir. Tələbələrə tədrisin onlayn formata keçirilməsi ilə bağlı hər hansı məlumat verilməyib.
Beləliklə, hazırkı məlumata əsasən, Bakıda yollarla bağlı tətbiq ediləcək məhdudiyyətlər qeyd olunan universitetlərdə tədrisin onlayn formata keçirilməsinə səbəb olmayacaq.
Tələbələr dərslərdə əyani şəkildə iştirak etməlidirlər. Bu isə xüsusilə uzaq ərazilərdən universitetlərə gələn tələbələr üçün nəqliyyat məsələsini yenidən gündəmə gətirir.
Qeyd edək ki, Bakıda yolların hərəkətinə tətbiq edilən məhdudiyyətlərin miqyası və müddəti ilə bağlı aidiyyəti qurumların açıqladığı məlumatlara əsasən, şəhərin bir sıra ərazilərində nəqliyyatın hərəkətində dəyişikliklərə səbəb olub.
Universitetlər tərəfindən isə hazırda tədris prosesinin dəyişdirilməsi ilə bağlı əlavə qərar açıqlanmayıb.
Əli Hüseynov