Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə “Cüdo məktəblərdə” layihəsinə start verilib.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, layihənin açılış mərasimi Bakı şəhəri Nizami rayonu 250 nömrəli tam orta məktəbdə keçirilib. Mərasimdə ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, əməkdar məşqçi Tərlan Həsənov, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı məsləhətçisi Vəfa Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova çıxış ediblər. Çıxışlarda layihənin məqsədləri, tətbiq mexanizmi və məktəblilər üçün faydaları vurğulanıb.
Fiziki tərbiyə dərsləri çərçivəsində keçirilən məşğələlərdə IV, V və VI sinif şagirdləri cüdonun əsaslarını öyrənəcəklər. Dərslər ACF-in beynəlxalq sertifikatlara malik təcrübəli məşqçiləri tərəfindən aparılacaq.
Məşğələlər zamanı məktəblilərə cüdonun əsas qaydaları, təhlükəsiz yıxılma texnikaları (ukemi), ilkin hərəkət vərdişləri və tərəfdaşla işləmə bacarıqları aşılanacaq. Eyni zamanda yaş xüsusiyyətlərinə uyğun məşqlər və cüdo elementləri ilə zəngin oyunlar vasitəsilə cüdonun əsas dəyərləri – hörmət, intizam və məsuliyyət kimi keyfiyyətlər təşviq olunacaq.
Dərslərin sonunda uşaqlara və valideynlərə yaxınlıqdakı cüdo klubları barədə məlumat veriləcək, sınaq dərslərində iştirak imkanı və sadə qoşulma seçimləri təqdim olunacaq.
Layihənin məqsədi gündəlik həyatda təhlükəsizliyin artırılması (yıxılma və sürüşmələr zamanı yarana biləcək xəsarət riskinin azaldılması), sosial bacarıqların inkişafı, erkən yaşlardan uşaqlarda cüdoya marağın formalaşdırılması və cüdonun kütləviliyinin artırılmasıdır.
Qabil YUSİFOĞLU
XQ