Məktəblərdə geyim qaydaları dəyişdirildi Valideynlərə yeni öhdəlik

21.09.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı ilə 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarla təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə etməsinə yol verilməyəcək.
Bununla yanaşı, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə biləcək.
Qərarla valideynlərin və ya digər qanuni nümayəndələrin də üzərinə öhdəlik qoyulub. Onlar övladlarının, həmçinin qəyyumluğunda və ya himayəsində olan şəxslərin geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər.
Sənədin tələblərinə şagirdlər tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcək.
Həmçinin Pedaqoji Şuranın bu məsələ ilə bağlı qəbul etdiyi qərar 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir.
Dəyişikliklə oğlanlar üçün yay və qış geyim forması dəstinin təsvirindən “üçdüyməli qısaqol köynək və şalvardan” sözləri də çıxarılıb.
Qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью