Məktəblərdə LinkedIn qadağasını anlaya bilmirəm Təhsil eksperti

10.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məktəblərdə "TikTok"a, eləcə də "LinkedIn" platformasına giriş bloklanır.

"TikTok"un diqqəti yayındıran və əyləncə yönümlü məzmunu ilə bağlı narahatlıqlar başadüşüləndir.

Bəs "LinkedIn"in bloklanmasının səbəbi nədir? Bu platforma şagirdlər üçün hansı riskləri yarada bilər və onun hansı funksiyaları məhdudiyyət tətbiq edilməsinə əsas verib?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki,"TikTok"a çıxışın məhdudlaşdırılması ilə razılaşsa da, "LinkedIn" ilə bağlı hissəni tam anlaya bilməyib:

"Əvvəla onu deyim ki, bu sosial şəbəkə digərləri ilə müqayisədə özünün sanballılığı, ciddiliyi və elit yanaşma tərzi ilə fərqlənir. Sosial cameənin əsas iştirakçıları da məhz intellektual, cəmiyyətdə özünüifadəsi, bacarıqları və təhsili ilə seçilən şəxslərdir. Bu platforma, düşünürəm ki, gənclərin özlərini tapmalarında, hədəflərinə doğru irəliləmələrində, iş dünyası və onun reallıqları ilə ayaqlaşmalarında, eləcə də uğur hekayələri vasitəsilə motivasiya qazanmalarında ciddi yardımçı ola bilər. Bu səbəbdən də məhz "LinkedIn"lə bağlı qadağanı o qədər də uğurlu yanaşma hesab etmirəm. Amma düşünürəm ki, bununla bağlı hər hansı məntiqi əsas və ya zəruri detal mövcuddur. Sadəcə, həmin detalın nədən ibarət olduğunu şəxsən mən hələlik tam anlaya bilmirəm. Ola bilsin ki, oradakı intellektual kəsimin öz baxış bucaqlarına uyğun paylaşımları və akademik məzmunu şagirdlərin zehni hazırlıq səviyyəsi üçün uyğun hesab edilməyib. Lakin yenə də bu səbəb "TikTok" qadağası ilə bağlı irəli sürülən səbəblər qədər ciddi görünmür. Bu günün şagirdi istifadəçini əmək bazarının və istehsalatın perspektivləri ilə tanış edən, onu akademik çevrəyə yaxınlaşdıran bu platformadan çox şey qazana bilər. Bununla belə, sırf yaş kateqoriyası və dərslərə fokuslanmanın zəifləməməsi baxımından belə bir qərarı anlayışla qarşılamaq mümkündür. Əgər, təbii ki, məhz bu məqam nəzərə alınıbsa".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью