Məktəblərdə metodist problemi: 750 manat maaş müəllimləri cəlb etmir

23.10.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Məktəblərdə metodistlərin fəaliyyətinin bərpa olunmasını müsbət qiymətləndirirəm. Bildiyiniz kimi, əvvəllər məktəblərdə metodistlər fəaliyyət göstərirdilər. Onlar əsasən məktəblərin öz müəllimləri arasından deyil, əvvəlki maarif şöbələrinin, indiki regional təhsil idarələrinin nəzdində fəaliyyət göstərən rayon təhsil sektorlarının əməkdaşları olurdu. Həmin metodistlər müəllimlərə metodiki dəstək verirdilər. Bildiyim qədərilə, bu fəaliyyət bir müddət sonra dayandırıldı. Lakin indi Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Müasir metodist” layihəsinə yenidən start verilib”.

Bunu Redaktor.az-a açıqlamasında coğrafiya müəllimi, təhsil eksperti Tuqay Rzazadə bildirdi. 

O qeyd etdi ki, layihənin əsas məqsədi orta məktəblərdə çalışan, MİQ və sertifikasiya imtahanlarının nəticələri yüksək olan, eyni zamanda, yüksək təlim nəticələrinə malik müəllimlər arasından metodistlərin seçilməsi və onların təcrübəsinin digər müəllimlərlə bölüşdürülməsidir.

“Hesab edirəm ki, layihə fəaliyyətə başladığı qısa müddətə baxmayaraq, uğurlu nəticələr göstərir. Səhv etmirəmsə, son bir neçə ildə həyata keçirilən layihə çərçivəsində Təhsil İnstitutu tərəfindən aparılan monitorinqlərin nəticələri göstərir ki, metodistlərin təyin olunduğu məktəblərdə ümumi göstəricilər, şagirdlərin nəticələri və təlim nailiyyətləri artıb.

Amma bu məsələdə hələ də öz həllini tapmamış bir sıra problemlər var. Məsələn, mənim tövsiyəm ondan ibarətdir ki, metodistlər müəllimlərə nəzarət edən şəxslərdən daha çox, onları dəstəkləyən, yeni tədris metodlarını və metodikaları öyrədən mütəxəssislərə çevrilməlidirlər”.

Müsahibimiz əlavə etdi ki, bəzi hallarda metodistlər səlahiyyətlərindən istifadə edərək müəllimlərin inkişafına təkan vermək əvəzinə, onları tənqid etməyə çalışırlar:

“Bu isə son nəticədə nə müəllimlərin, nə də şagirdlərin inkişafına xidmət edir. Əksinə, müəllimlərin fəaliyyətini bir qədər də zəiflədir.

Digər vacib məqam isə Təhsil İnstitutu tərəfindən aparılan yoxlamaların nəticələrinə əsasən, bəzi metodistlərin yol verdiyi səhvlərlə bağlıdır. Bunlardan biri dərs dinləmələrinin formal şəkildə keçirilməsi, lakin həmin dərslərin nəticələri əsasında müəllimlərin inkişafının təmin edilməməsidir. Bir çox hallarda müşahidə olunub ki, metodistlər sanki planı yerinə yetirmək üçün dərs dinləmələrində iştirak edirlər. Ancaq dərslər zamanı qarşılaşdıqları problemlər və qeydə aldıqları səhvlər üzərində işləyərək müəllimlərin inkişafına təkan vermirlər”.

Ekspert hesab edir ki, hər hansı sahədə fəaliyyət varsa, orada problemlərin yaranması da mümkündür.

“Bununla belə, xüsusilə Təhsil İnstitutunun həyata keçirdiyi “Müasir metodist” layihəsinin uğurlu olacağına inanıram. Sadəcə, hazırda bu layihə bütün məktəbləri əhatə etmir.

Səbəb nədir? Çünki müasir metodistlər üçün təklif olunan əməkhaqqı və iş saatları bir çox hallarda yüksək nəticələr göstərən müəllimləri bu fəaliyyətə cəlb etməyə imkan vermir. Bildiyim qədərilə, metodistlərə 750 manat əməkhaqqı təklif olunur. Eyni zamanda, onlar həftənin beş günü müəyyən saatlarda məktəbdə olmalıdırlar.

Bu şərtlər həmin müəllimlər üçün o qədər də cəlbedici olmadığından, Nazirlik və Təhsil İnstitutu müasir metodistlərin seçilməsi və cəlb olunmasında çətinlik çəkirlər. Ümid edirəm ki, əməkhaqqı ilə bağlı məsələ öz həllini tapdıqdan, yəni metodistlərin maaşı artırıldıqdan sonra bu vəzifədə çalışmaq istəyən müəllimlərin sayı da artacaq. Bu isə son nəticədə məktəblərimizdə tədrisin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью