Məktəblərdə olduğu kimi, bağçalarda da sertifikasiya olmalıdır AÇIQLAMA

26.11.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması məsələsi gündəmdədir. Bu prosesə hazırlıq məqsədilə artıq sınaq imtahanları da keçirilib. Sertifikatlaşdırmanın zəruriliyi və onun məktəbəqədər təhsilin keyfiyyətinə mümkün təsiri isə müzakirə mövzusudur.

Bəs məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması nə dərəcədə vacibdir? Bu proses onların peşəkar fəaliyyətinə və uşaqların inkişafına necə təsir göstərə bilər?

Pedaqoq, "Valideyn Məktəbi"nin təsisçi-rəhbəri, Günəş Psixoloji Sağlamlıq Mərkəzinin icraçı direktoru Aysel Rəsulzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması çox zəruri və əhəmiyyətli prosesdir:

"Çünki məktəbəqədər dövr uşağın şəxsiyyətinin formalaşmasında, ümumilikdə emosional və sosial inkişafında fundamental mərhələ hesab olunur. Buna görə də məktəbəqədər təhsilə sadəcə uşağın məktəbə hazırlanması, hərfləri, rəqəmləri öyrənməsi və ya müəyyən bacarıqlar qazanması kimi yanaşmamalıyıq. Bu mərhələ uşağın özünüifadəsi, ünsiyyət qurmaq bacarığı, müstəqilliyi, sosial münasibətləri mənimsəməsi və öyrənməyə marağının formalaşması baxımından ciddi əhəmiyyət daşıyır. Bu proseslərin düzgün istiqamətləndirilməsi isə təsadüfi deyil, yüksək peşəkar hazırlıq tələb edir".

Aysel Rəsulzadənin sözlərinə görə, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoqlar uşaqların yaş və psixoloji xüsusiyyətlərini nəzərə almalı, onların fərdi ehtiyaclarına uyğun yanaşma sərgiləməlidirlər:

"Uşaqlarla işləyən hər bir müəllim, hər bir pedaqoq uşaqların yaş xüsusiyyətlərini, inkişaf mərhələlərini, fərdi ehtiyaclarını və psixoloji xüsusiyyətlərini bilməli, eyni zamanda müasir təlim metodlarından istifadə etməyi bacarmalıdır. Sertifikatlaşdırmaya yalnız biliklərin yoxlanılması kimi deyil, peşəkar məsuliyyətin və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi vasitəsi kimi baxmalıyıq. Pedaqoq özü də bu prosesi ciddi məsuliyyət kimi qəbul etməli, onu cəza vasitəsi kimi görməməlidir. Düşünürəm ki, sertifikatlaşdırmanın əsas faydası təhsilverənlərin hazırlığını yalnız imtahanlarla məhdudlaşdırmamalıdır. Əsas məqsəd onların gündəlik pedaqoji fəaliyyətində keyfiyyət dəyişiklikləri yaratmaq olmalıdır".

Pedaqoq hesab edir ki, sertifikatlaşdırma zamanı nəzəri biliklərlə yanaşı, həmin biliklərin praktikada tətbiqi bacarığı da nəzərə alınmalıdır. Çünki hər bir uşağın fərdi inkişaf xüsusiyyətləri fərqli yanaşma tələb edir:

"Pedaqoq müəyyən metodikanı nəzəri cəhətdən bilə bilər, lakin onu konkret uşağın ehtiyaclarına uyğun tətbiq etməkdə çətinlik çəkə bilər. Bu halı bu gün pedaqoqların və müəllimlərin fəaliyyətində də görürük. Məsələn, nitq inkişafında gecikməsi olan, diqqətini cəmləşdirməkdə çətinlik çəkən və ya ünsiyyətdən qaçaraq özünə qapanan uşaqla işləmək pedaqoqdan xüsusi yanaşma tələb edir. Pedaqoq bu fərqləri görməli, uşaqları bir-biri ilə müqayisə etməməli, hər birinin inkişaf tempinə fərdi və hörmətlə yanaşmalıdır. Bütün bunlar isə xüsusi metodika və peşəkar hazırlıq tələb edir".

A.Rəsulzadə bildirdi ki, sertifikatlaşdırma ilə yanaşı, pedaqoqların peşəkar inkişafı üçün mütəmadi təlimlərin və praktiki məşğələlərin təşkili də vacibdir:

"Pedaqoji müşahidə və təcrübə mübadiləsi də mütləq təşkil olunmalıdır. Çünki nəzəri biliklərə sahib olmaqla onları praktikada tətbiq etmək fərqli peşəkarlıq tələb edir. Qeyd etmək istəyirəm ki, müəllimlər və pedaqoqlar sertifikatlaşdırmanı cəzalandırıcı deyil, inkişafetdirici mexanizm kimi qəbul etməlidirlər. İmtahan nəticəsi pedaqoqun müəyyən çatışmazlıqlarını üzə çıxarırsa, həmin çatışmazlıqların aradan qaldırılması üçün ona real imkanlar yaradılmalıdır. Çünki bizim məqsədimiz pedaqoqun sadəcə imtahandan keçməsi deyil, uşağın həyatına müsbət təsir göstərə biləcək peşəkar mütəxəssis formalaşdırmaqdır".

Ekspert əlavə etdi ki, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi üçün pedaqoqla yanaşı, valideynlərin, müəssisə rəhbərliyinin və digər mütəxəssislərin də üzərinə mühüm vəzifələr düşür.

"Məktəbəqədər təhsilin keyfiyyəti yalnız təhsilverənin biliyi ilə ölçülməməlidir. Bu, pedaqoq, valideyn, müəssisə rəhbərliyi və müvafiq mütəxəssislər arasında əməkdaşlıq tələb edən bir sistem olmalıdır. Mən hər zaman bu yanaşmanı əsas götürürəm. Uşağın sağlam inkişafı üçün tibbi, psixoloji və pedaqoji istiqamətlərin bir-birini tamamlamasını vacib hesab edirəm. Məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoq valideynlə düzgün ünsiyyət qurmağı bacarmalı, uşağın inkişafı ilə bağlı müşahidələrini əsaslandırılmış şəkildə bölüşməli və zəruri hallarda onu müvafiq mütəxəssisə yönləndirməlidir. Bir sözlə, uşağa təhsil verməzdən əvvəl onu tanımaq, onu tanımaq üçün isə inkişaf xüsusiyyətlərini bilmək lazımdır. Məhz bu baxımdan sertifikatlaşdırma prosesi çox vacib və faydalı rol oynayır", - deyə A.Rəsulzadə yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью