Məktəblərdə psixoloq ştatı ləğv ediləcək? Ekspertdən YENİ MODEL TƏKLİFİ

03.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uzun müddətdir ki, ölkəmizdə məktəb psixoloqlarının fəaliyyətinin effektivliyi geniş müzakirə olunur. Xüsusilə də son günlər məktəblərdə şagirdlər arasında artan zorakılıq, aqressiya, intihar və bullinq halları fonunda məktəb psixoloqlarının fəaliyyəti yenidən gündəmə gəlib. Beynəlxalq təcrübə göstərir ki, mərkəzləşdirilmiş psixoloji dəstək xidmətləri, multidissiplinar məktəb komandaları və rəqəmsal psixoloji qiymətləndirmə platformaları daha yüksək nəticə verir. 

Bu kontekstdə Azərbaycanda məktəb psixoloqları ləğv olunmalıdırmı? Məktəb psixoloqlarının ləğv olunması fonunda hansı modellər effektiv nəticə verə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, xüsusilə bölgələrdə ciddi psixoloq problemi var:

"Bəzi məktəblərdə ümumiyyətlə psixoloq yoxdur, bəzilərində isə bu vəzifədə çalışan şəxsin psixologiya ilə əlaqəsi yoxdur. Paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsi müsabiqə keçirsə də, şagird sayı çox olan məktəblərdə hələ də çatışmazlıq var. Ona görə də ilk növbədə, məktəblərdə psixoloqların tamamilə bərqərar olunmasını təmin etməliyik. Həll yolu məktəb daxilində psixoloji mərkəzlərin yaradılmasıdır".

Elçin Əfəndi: Bizdə psixoloqa getmək hələ də tabu kimi qəbul edilir

Ekspert psixoloqa müraciətlə bağlı stereotiplərin qırılmalı olduğunu da deyib. Bizdə hələ də psixoloqa getmək tabu kimi qəbul edilir. Bu yanaşma kökündən yanlışdır. 

"Sanki düşünürlər ki, psixoloqa müraciət etmək olmaz. Psixoloqa yalnız əqli problemləri olanlar müraciət edir. Əgər övladın davranışlarında hansısa kənara çıxma halları varsa, bu mütləq psixoloq tərəfindən korreksiya olunmalıdır, ona müvafiq düzəlişlər edilməlidir".

"Ona görə də düşünürəm ki, məktəb daxilində biz ən azı psixoloji reabilitasiya, psixoloji inkişaf mərkəzi kimi mərkəz yaratmalıyıq. Həmçinin çalışmalıyıq ki, şagird sayı az olan məktəblərdə 1, çox olanlarda isə 3-4 psixoloq olsun. Beynəlxalq təcrübədə bu model yüksək nəticə verir. Deviant davranışlı şagirdlərlə məhz bu mərkəzlərdə iş aparılır", - deyə Elçin Əfəndi əlavə edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью