Məktəblərdə rus bölməsi ləğv olunacaq? AÇIQLAMA

30.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında qeyd edib ki, rus bölməsində təhsilin daha üstün olması ilə bağlı fikirlər mifdir.

Redaktor.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qocanın sözlərinə görə, nazirin fikri elmi və metodiki baxımdan həqiqətə uyğundur:

"Təhsilin keyfiyyəti dili ilə deyil, tədris olunan proqramın məzmunu, müəllim heyətinin pedaqoji ustalığı, infrastrukturun vəziyyəti və şagirdin fərdi yanaşması ilə müəyyən edilir. Bir dildə təhsil almağın avtomatik olaraq digərindən daha çox bilik və ya dünyagörüşü verdiyini iddia etmək, dilin yalnız ünsiyyət və informasiya vasitəsi olduğu reallığı ilə ziddiyyət təşkil edir. Rus bölməsinə olan marağın bir qismi akademik üstünlükdən daha çox, keçmişin ənənələri, bəzi valideynlərin şəxsi üstünlükləri və məlum dilin beynəlxalq ünsiyyət vasitəsi kimi görülməsi ilə bağlıdır".

Həmsöhbətimizin fikrincə, rus bölmələrinin ləğvi məsələsi isə olduqca həssas və çoxqatlı bir mövzudur:

"Bu cür radikal addım dərhal bir neçə ciddi problemlə üz-üzə gətirə bilər: Birincisi, bu, vətəndaşların təhsil almaq hüququnun və seçmək imkanının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Azərbaycan multikultural ölkədir və burada yaşayan, ana dili rus dili olan və ya rus dilində təhsil almağı seçən vətəndaşların hüquqları qorunmalıdır. İkincisi, belə bir qərarın icrası böyük bir kadr və metodoloji boşluq yaradar. Rus bölməsində çalışan minlərlə müəllim və oxuyan şagirdin qısa müddətdə Azərbaycan bölməsinə inteqrasiyası sistemdə ciddi sarsıntılara səbəb olar. Bu, sadəcə siniflərin birləşdirilməsi deyil, bütöv bir pedaqoji ənənənin və kadr potensialının yenidən qurulması deməkdir.
Üçüncüsü, hazırda dünyada qlobal tendensiya məhdudlaşdırma deyil, daha çox dil biliklərinə yiyələnmə istiqamətindədir. Rus bölməsinin ləğvi əvəzinə, Azərbaycan bölməsində tədrisin keyfiyyətinin yüksəldilməsi, rus dilinin və digər xarici dillərin yüksək səviyyədə, lakin müstəqil fənn kimi tədrisi daha səmərəli yoldur. Əgər Azərbaycan bölməsində təhsil keyfiyyəti rəqabətə davamlı olarsa və xarici dil bilikləri mükəmməl tədris olunarsa, cəmiyyətdə "rus bölməsi daha üstündür" mifi öz-özünə aradan qalxacaq.

Nəticə olaraq, bir bölməni ləğv etmək problemi həll etmir, əksinə yeni sosial gərginliklər yaradır. Əsas hədəf hər iki bölmədə eyni dərəcədə yüksək keyfiyyətli təhsilin təmin olunması və dövlət dilinin tədrisinin strateji prioritet kimi gücləndirilməsi olmalıdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью