Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
İddia olunur ki, bu fənnin yaradılması məktəblərdə tarix və ədəbiyyat fənlərinin birləşməsi ilə nəticələnəcək.
Sabiq deputat Etibar Əliyev Teleqraf-a açıqlamasında bildirib ki, mədəniyyət fənninin tədrisi tarix və ədəbiyyat dərslərinin saatları hesabına olmamalıdır. O, tarix, Azərbaycan dili və ədəbiyyatı fənlərinin təhsil prosesində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Buraxılış imtahanları Azərbaycan dili üzrə keçirilir. Şagirdin ədəbiyyatı bilməsi onun humanitar düşüncəsinin formalaşması üçün çox vacibdir.
Biz hələ bilmirik ki, Azərbaycanda bu fənn mədəniyyətşünaslıq, yoxsa kulturologiya adlanacaq. Əksər ölkələrdə kulturologiya kimi tanınır.
İstənilən halda buna keçid ediriksə, əvvəlcə mükəmməl proqram və dərslik hazırlanmalıdır".
O hesab edir ki, fənnin 10-11-ci siniflərdə tədris olunması daha məqsədəuyğundur: "Aşağı siniflərdə bu, çətinlik yarada bilər”.
Etibar Əliyev əlavə edib ki, yeni elmlərin məktəblərdə öyrədilməsi təklif edilir, ancaq müəllimlər və valideynlər dərs yükünün çoxluğundan narahatdırlar:
“Təkliflərdən biri şahmatı elm kimi tədris etməkdir. "Onun yerinə məntiq tədris edilsin" deyənlər də az deyil. Bu fonda valideynlər, müəllimlər neçə illərdir həyəcan təbili çalırlar ki, yük çoxdur, proqram çətindir, şagirdlər öhdəsindən gələ bilmirlər”.
Onun sözlərinə görə, Qərbdə artıq 50–60 ildir ki, məktəblərdə fəlsəfə tədris olunur və onun daxilində mədəniyyətə də yer verilir.
"Bunu biz də tətbiq edə bilərdik. Mədəniyyət elminin şagirdlər üçün hansı əhəmiyyət kəsb edəcəyi izah edilməlidir, vacib fənn kimi üstünlükləri var. Postmodernizm dövrü sırf mədəniyyət paradiqmasıdır.
Ali məktəblərdə mədəniyyətşünaslıq fənni tədris olunur. Ancaq saatları kifayət deyil. Süni intellekt dövründə yaşayırıq, o baxımdan proqramlar o qədər məzmunlu və yığcam olmalıdır ki, şagirdlər üçün yük olmasın".
Etibar Əliyevin fikrincə, Azərbaycanın təhsil sistemində araşdırmalar aparılmır. Təhsilin müddəti də dünya ölkələri ilə müqayisədə qısadır.
"130-dan çox ölkədə şagirdlər orta məktəbdə 12 il oxuyurlar. Bu mənada 11 illik təhsil sistemi fonunda bu məsələ ilə bağlı çox dəqiq araşdırma aparıb ondan qərar vermək lazımdır".