Məktəblərdə təhsil müddəti 12 ilə çatdırıla bilər Şagirdləri nə gözləyir? KONKRET

30.10.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda şagirdlərin dərs yükünün azaldılması, tədris proqramlarının daha səmərəli təşkili və yerli təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması məsələsi aktuallığını qoruyur. Bu baxımdan ümumi təhsil müddətinin 11 ildən 12 ilə çatdırılması da müzakirə olunan mövzulardandır. Bəs yaxın gələcəkdə Azərbaycanda 12 illik ümumi təhsil sisteminə keçid mümkündürmü və belə bir dəyişiklik şagirdlərə hansı üstünlükləri qazandıra bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, Azərbaycanın 12 illik təhsil sisteminə keçidi məqsədəuyğun olardı. Onun sözlərinə görə, bu dəyişiklik həm şagirdlərin dərs yükünün daha optimal bölüşdürülməsinə, həm də Azərbaycan təhsilinin beynəlxalq təhsil sistemlərinə inteqrasiyasına müsbət təsir göstərər.

Ekspert bildirib ki, 12 illik ümumi təhsil sistemi dünyanın bir çox ölkəsində tətbiq olunur və Azərbaycanın da bu modelə keçməsi bir sıra üstünlüklər yarada bilər.

“12 illik təhsil sisteminə keçid Azərbaycan üçün uğurlu addım olardı. Çünki şagirdlərimiz Avropada universitet təhsili almaq istədikdə bəzi ölkələrdə əlavə hazırlıq mərhələsindən keçməli olurlar. Bunun əsas səbəblərindən biri həmin ölkələrdə 12 illik, Azərbaycanda isə 11 illik ümumi təhsil sisteminin tətbiq edilməsidir.

Nəticədə gənclər ya Azərbaycanda əlavə bir il təhsil almalı, ya da xaricdə hazırlıq proqramlarına qoşulmalıdırlar. Bu isə onların ali təhsilə başlamasını gecikdirir və müəyyən çətinliklər yaradır. 12 illik sistemə keçid belə maneələrin aradan qaldırılmasına töhfə verə bilər”, – deyə ekspert vurğulayıb.

Ramin Nurəliyevin fikrincə, Azərbaycan təhsil sisteminin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması da vacib məsələlərdəndir. O, hesab edir ki, ölkəmiz sovet dövründən miras qalan təhsil modelindən tədricən uzaqlaşaraq müasir təhsil yanaşmalarını tətbiq etməlidir.

Ekspertin sözlərinə görə, ümumi təhsilin 12 ilə çatdırılması tədris proqramlarının siniflər üzrə daha düzgün bölüşdürülməsinə imkan yaradar. Bu halda şagirdlərə mövzuları mənimsəmək üçün daha çox vaxt ayrılar, dərs materiallarının həddindən artıq sıxlaşdırılmasının qarşısı müəyyən qədər alına bilər.

“12 illik təhsil sisteminin üstünlüklərindən biri də tədris proqramlarının daha geniş zaman çərçivəsində bölüşdürülməsidir. Əlavə bir ilin olması şagirdlərin mövzuları daha dərindən mənimsəməsinə, biliklərini möhkəmləndirməsinə və ali məktəblərə qəbul imtahanlarına daha yaxşı hazırlaşmasına şərait yarada bilər.

Məsələn, şagirdlərin universitetə hazırlıq üçün daha geniş vaxtının olması onların nəticələrinə müsbət təsir göstərir. Eyni zamanda, tədris proqramlarının düzgün planlaşdırılması ilə gündəlik dərs yükünü də müəyyən qədər azaltmaq mümkündür”, – deyə o, qeyd edib.

Təhsil eksperti əlavə edib ki, 12 illik sistemə keçid yalnız təhsil müddətinin artırılması ilə məhdudlaşmamalı, eyni zamanda tədris proqramlarının məzmunu və təşkili də yenidən nəzərdən keçirilməlidir.
Beləliklə, 12 illik ümumi təhsil modelinin tətbiqi şagirdlərin bilikləri daha dərindən mənimsəməsinə, dərs yükünün optimallaşdırılmasına və xaricdə ali təhsil imkanlarından yararlanarkən qarşılaşdıqları bəzi çətinliklərin azalmasına kömək edə bilər. Bununla belə, Azərbaycanda belə bir sistemə keçidin nə zaman və hansı formada reallaşacağı ayrıca qərar və müvafiq islahatlar tələb edən məsələdir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью