Məktəbli forması intizam göstəricisidir ŞƏRH

12.10.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məktəbli forması yalnız geyim deyil, təhsil mədəniyyətinin, nizam-intizamın və ümumi dəyərlərə hörmətin ifadəsidir.

Cəmiyyətin gələcəyi məktəb partası arxasında formalaşır. Bu gün məktəbdə qazandığımız biliklər, aşıladığımız dəyərlər və yaratdığımız davranış mədəniyyəti sabahın vətəndaşının şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Məhz buna görə də təhsil müəssisələrində nizam-intizamın möhkəmləndirilməsi, şagirdlərdə məsuliyyət hissinin və ictimai davranış mədəniyyətinin formalaşdırılması hər zaman diqqət mərkəzində olmalıdır. Məktəbli forması da bu baxımdan sadəcə zahiri görünüş məsələsi deyil, təhsil mühitinin mənəvi və təşkilati bütövlüyünü tamamlayan mühüm amillərdən biridir.
Məktəbli forması şagirdin təhsil aldığı müəssisəyə mənsubiyyətini, məktəbin qaydalarına hörmətini və kollektiv qarşısında məsuliyyətini ifadə edir. Vahid geyim qaydası məktəbdə ümumi nizam-intizamın qorunmasına, təhsil mühitində vahid yanaşmanın formalaşmasına və şagirdlərin diqqətinin zahiri fərqlərdən daha çox bilik və bacarıqların əldə edilməsinə yönəlməsinə kömək edir.
Burada əsas məsələ geyimin özündən daha çox onun ifadə etdiyi münasibətdir. Məktəbli formasına məsuliyyətlə yanaşan şagird, əslində, məktəbin daxili qaydalarına, müəllimin əməyinə, valideynlərinin zəhmətinə və təhsil prosesinin tələblərinə hörmət nümayiş etdirir. Bu vərdişlər isə uşağın gələcək həyatında məsuliyyətli, intizamlı və cəmiyyət qarşısında öhdəliklərini dərk edən şəxsiyyət kimi yetişməsinə müsbət təsir göstərir.
Məktəbli forması sosial bərabərlik və sağlam təhsil mühitinin də mühüm elementidir. Şagirdlərin geyim seçimləri arasında kəskin fərqlərin ön plana çıxmaması, maddi imkanların məktəb mühitində nümayiş etdirilməsinin məhdudlaşdırılması və diqqətin təhsilin əsas məqsədlərinə yönəldilməsi baxımından vahid forma əhəmiyyət daşıyır. Məktəbdə hər bir şagird ilk növbədə biliyi, davranışı, zəhməti və insani keyfiyyətləri ilə fərqlənməlidir.
Təbii ki, məktəbli formasının tətbiqini yalnız nəzarət və tələbkarlıq çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Bu qaydaya əməl edilməsi şagirdlərə izah edilməli, onlarda məcburiyyət hissindən daha çox şüurlu məsuliyyət formalaşdırılmalıdır. İntizamın həqiqi mahiyyəti yalnız qaydaya tabe olmaq deyil, həmin qaydanın nə üçün vacib olduğunu anlamaqdır. Buna görə də məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin üzərinə mühüm vəzifələr düşür.
Müəllimlər şəxsi nümunələri ilə şagirdlərdə məsuliyyət və nizam-intizam hissini gücləndirməli, valideynlər məktəblə əməkdaşlıq edərək övladlarının təhsil mühitinin qaydalarına əməl etməsinə dəstək göstərməlidirlər. Eyni zamanda, məktəbli formasının alınması ilə bağlı ailələrin sosial və maddi imkanları nəzərə alınmalı, heç bir şagird geyiminə görə ayrı-seçkiliyə və ya mənəvi təzyiqə məruz qalmamalıdır. Çünki təhsilin əsas prinsiplərindən biri hər bir uşağa bərabər münasibətin təmin edilməsidir.
Məktəb yalnız bilik verən müəssisə deyil, həm də şəxsiyyət yetişdirən mühüm ictimai institutdur. Burada uşaqlar dərslərlə yanaşı, kollektivdə davranmağı, başqalarının hüquqlarına hörmət etməyi, ümumi qaydalara riayət etməyi və öz hərəkətlərinə görə məsuliyyət daşımağı öyrənirlər. Məktəbli forması bu böyük tərbiyə prosesinin kiçik, lakin diqqətəlayiq hissəsidir.
Bu gün Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşlü və vətənpərvər ruhda yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu hədəflərə çatmaq üçün məktəbdə sağlam mənəvi mühitin, qarşılıqlı hörmətin və intizam mədəniyyətinin formalaşdırılması vacibdir. Şagirdin məktəbə səliqəli geyimdə gəlməsi də həmin mədəniyyətin görünən ifadələrindən biridir.
Unutmamalıyıq ki, intizam birdən-birə formalaşmır. O, gündəlik vərdişlərdən, kiçik məsuliyyətlərdən və ardıcıl tərbiyədən yaranır. Vaxtında dərsə gəlmək, dərsə hazır olmaq, məktəbin qaydalarına əməl etmək, müəllimə və sinif yoldaşlarına hörmət göstərmək, məktəbli formasını səliqəli geyinmək — bunların hər biri gələcək həyat üçün əhəmiyyətli davranış vərdişləridir.
Məktəbli forması özlüyündə intizamlı şagirdin bütün xüsusiyyətlərini müəyyən etmir. Əsl intizam şagirdin biliyində, davranışında, müəllimə münasibətində, məsuliyyətində və mənəvi keyfiyyətlərində özünü göstərir. Lakin vahid məktəbli formasına əməl edilməsi bu keyfiyyətlərin formalaşmasına xidmət edən ümumi qaydalardan biridir.
Əminəm ki, məktəbli formasına münasibətimizi yalnız geyim məsələsi kimi deyil, təhsil mədəniyyətinin və məsuliyyətli vətəndaş yetişdirmək məqsədinin bir hissəsi kimi dəyərləndirməliyik. Məktəbdə formalaşan intizam ailədə möhkəmlənir, cəmiyyətdə özünü göstərir və dövlət qarşısında məsuliyyətli mövqeyə çevrilir.
Nəticə etibarilə, məktəbli forması intizamın özü deyil, intizam mədəniyyətinin görünən göstəricilərindən biridir. Əsas məqsədimiz isə yalnız qaydalara əməl edən deyil, bu qaydaların mahiyyətini dərk edən, biliyə dəyər verən, milli-mənəvi dəyərlərə bağlı və gələcəyinə məsuliyyətlə yanaşan gənc nəsil yetişdirmək olmalıdır.
Çünki məktəbdə qazanılan intizam gələcək həyatın təməlidir, təhsilə və qaydalara hörmət isə güclü cəmiyyətin formalaşmasının mühüm şərtlərindəndir.

İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью