Məktəbli formasına görə uşağı utandırmaq olmaz AÇIQLAMA

20.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Vahid məktəbli forması ilə bağlı qərarın uşaqlara düzgün izah edilməsi valideynlərin üzərinə düşən əsas vəzifələrdən biridir. Valideyn uşağa məktəbin müəyyən etdiyi qaydalara hörmətlə yanaşmağın vacibliyini anlatmalı, eyni zamanda onun fikirlərinə və seçimlərinə həssaslıqla yanaşmalıdır. Çünki uşaq məktəbli formasını yalnız geyim kimi deyil, həm də valideynin və məktəbin ona münasibəti kontekstində qavrayır".

Bu barədə Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, “Green Start Academy” Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə bildirdi.

Onun sözlərinə görə, ilk növbədə, valideyn uşağa vahid məktəbli formasının hansı məqsədlə tətbiq olunduğunu izah etməlidir. Məktəbdə hər kəsin müəyyən geyim qaydasına əməl etməsinin ümumi nizam-intizamın bir hissəsi olduğunu uşağa anlatmaq vacibdir.

A.Rəsulzadə qeyd etdi ki, məktəbə gedərkən əsas diqqət geyimin bahalı, dəbli və ya fərqli olmasına deyil, öyrənməyə, əməkdaşlığa, dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, ümumilikdə təhsilə və inkişafa yönəlməlidir. Onun fikrincə, valideynin uşağa “Hamı belə geyinir, sən də sakitcə geyinməlisən” deməsi düzgün yanaşma deyil və uşaq bu cür izahı müsbət qarşılamaya bilər.

Pedaqoq xüsusilə yeniyetməlik dövründə olan uşaqlarla ünsiyyətdə daha diqqətli olmağın vacibliyini vurğuladı. O bildirdi ki, yeniyetməlik seçimləri ifadə etmək və öz fərqliliyini göstərmək baxımından mühüm yaş mərhələsidir:

"Buna görə də valideyn uşağın bu ehtiyacını inkar etmədən məktəbli forması ilə bağlı qaydaları ona izah etməlidir".

A.Rəsulzadənin sözlərinə görə, məsələn, yeniyetmə məktəbli formasını bəyənmədiyini, dostlarının geyimlərini daha gözəl hesab etdiyini deyirsə, valideyn dərhal mübahisəyə başlamamalıdır:

"Əksinə, sakit şəkildə uşağın narazılığının səbəbini öyrənməyə çalışmalıdır. Formanın hansı tərəfi xoşuna gəlmir? Səni narahat edən əsas məqam nədir?”

Müsahibimiz bildirdi ki, uşağın narazılığının müxtəlif səbəbləri ola bilər:

"Ola bilsin, formanın ölçüsü onun üçün rahat deyil, parçası narahatlıq yaradır, yaxud da uşaq geyimi vasitəsilə öz dəbini və üslubunu göstərmək istəyir. Bu səbəbləri anlamaqla məsələni uşağa daha düzgün şəkildə izah etmək mümkündür".

Pedaqoq əlavə etdi ki, tərbiyənin bütün sahələrində olduğu kimi, məktəbli forması məsələsində də valideynin şəxsi nümunəsi mühüm rol oynayır:

"Uşaq yalnız valideynin dediklərini deyil, onun qaydalara münasibətini də öyrənir".

A.Rəsulzadə qeyd etdi ki, valideyn evdə müəyyən edilmiş qaydalara əməl edirsə, məktəbin tələblərini də uşağa rahatlıqla izah edə bilər:

"Lakin valideyn özü qaydaları pozur, məktəbin tələblərini uşağın yanında lağa qoyur və ya alçaldıcı şəkildə müzakirə edərək “Bu nə qaydadır?” deyirsə, daha sonra övladından həmin qaydalara əməl etməsini gözləməsi ziddiyyət yaradır. Belə yanaşma uşağın qaydaları qəbul etməsini çətinləşdirə bilər".

Onun sözlərinə görə, məktəbli formasına nəzarət zamanı da diqqətli olmaq lazımdır:

"Bu proses uşağın şəxsiyyətini alçaltmaq, onu digər şagirdlərin qarşısında utandırmaq və ya geyiminə görə damğalamaq formasında həyata keçirilməməlidir. Qaydalar bütün şagirdlərə eyni prinsiplə, eyni hörmətlə və izah edilə biləcək şəkildə tətbiq olunmalıdır".

Pedaqoq vurğuladı ki, valideynin vəzifəsi yalnız uşağın məktəbə forma ilə getməsini təmin etməkdən ibarət deyil:

"Valideyn, eyni zamanda, övladında məsuliyyət hissi formalaşdırmalı, ona qaydalara hörmət etməyi öyrətməli və başqaları ilə birlikdə yaşamaq mədəniyyəti aşılamalıdır.

Azərbaycanda qüvvədə olan qaydalara əsasən, məktəbli formasına riayət edilməsini təmin etmək də valideynlərin məsuliyyətidir. Valideyn bu məsələnin mahiyyətini uşağa izah etməlidir. Dediyim kimi, valideyn evdə öz üzərinə düşən öhdəlikləri yerinə yetirirsə, məktəb də pedaqoji şuranın müəyyən etdiyi qaydalara uyğun olaraq öz vəzifə və məsuliyyətini yerinə yetirməlidir.

Valideyn-müəllim əməkdaşlığı düzgün qurularsa, inanın ki, uşaqlar istənilən qaydaya riayət edər, onu düzgün anlayar və qaydaların icrasını da daha rahat şəkildə təmin etmək mümkün olar”, - deyə Aysel Rəsulzadə bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью