Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabinetinin məktəblilərin geyim forması ilə bağlı yeni qərarı cəmiyyətdə növbəti qarşıdurmaya səbəb olub. Bu, gözlənilən idi. “Çevik” olayından əvvəl də, sonra da cəmiyyətdə, bizə hələ ki tam məlum olmayan istiqamətlərdən dindar-dinsiz mübahisələri geniş vüsət almışdı. Sonluq isə, sərrast düşüncəli ziyalılarımızın təxmin etdiyi kimi heç də yaxşı olmadı. Belə bir zamanda vahid məktəbli forması haqda illər öncə qəbul edilmiş mövcud qərarın yeni variantda təqdimatı cəmiyyətdə nisbətən sakitləşmiş emosiyaları təkrar alovlandırdı. Bu, kimə, niyə lazımdır? Orta ümumtəhsil məktəblərində dünyəvi təhsil sistemidir zatən. Məktəblilər arasında və ya pedaqoji heyət içində indiyədək dindarlığını önə çıxaran, dindar-dinsiz mübahisələri aparan olmayıb. Olubsa, varsa belə hallar, buyurub, bildirsinlər. Cəmiyyət də hər hansı təhlükəni fərq etsin. Amma yox, belə bir sübut ortaya qoyulmayıbsa, dünyəvilik prinsipinə uyğun olmayan elementlərdən istifadə qadağan edilir” qərarı vermək, “dəlinin yadına daş salmağ”a bənzəmirmi? Gəlin, əvvəlcə qərara nəzər yetirək.
Nazirlər Kabineti vahid məktəbli forması və geyim qaydaları ilə bağlı son yeni qərarını 21 sentyabr 2026-cı il tarixində (№ 309 qərarı ilə) qəbul edib. Baş nazir Əli Əsədov tərəfindən imzalanan bu qərara əsasən təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Milli qürur və dəyərlərlə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən istifadəyə icazə verilir. Qeyd olunan tələblərə riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.
Mübahisələrə səbəbsə qərarda və rəsmi sənədlərdə “dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementləri” ifadəsinin konkret nələrdən ibarət olduğu rəsmi şəkildə, detallı açıqlanmamasıdır. Lakin ictimai müzakirələrdə və məktəblərdə geyim qaydaları ilə bağlı yeni qərar kimi rəsmi açıqlamalarda bu ifadə əsasən dini mənsubiyyəti və ya hər hansı bir dini inancları açıq şəkildə nümayiş etdirən atributlar – məsələn, hicab və ya digər dini baş örtükləri kimi izah edilir. Vahid məktəbli forması standartlarına və dövlət təhsil müəssisələrinin dünyəvi xarakterinə zidd olan fərdi və ya qrup xarakterli simvolik geyim elementləri də bura daxildir.
Hicab şagirdin təhsil hüququnu əlindən alırmı?
Yeni qərarın uşaqların təhsil hüququ və Azərbaycan Konstitusiyası ilə təsbit edilmiş vicdan azadlığı hüququnu pozduğuna istinad edənlər var. Məsələ burasındadır ki, məktəblərdə vahid geyim formasının tətbiqi və “dünyəvilik prinsipi” ilə bağlı qərarların Konstitusiyada təsbit olunmuş vicdan azadlığı hüququnu pozub-pozmaması hüquqi, fəlsəfi və ictimai baxımdan fərqli yanaşmalarla qiymətləndirilir. Rəsmi dövlət orqanları və müstəqil hüquqşünaslar, ictimaiyyət bu məsələyə iki fərqli prizmadan yanaşır. Birincisi, dövlətin rəsmi mövqeyi və hüquqi əsaslandırması budur ki, dövlət qurumları və qanunverici orqanlar bu qərarların Konstitusiyanı pozmadığını, əksinə digər konstitusion prinsipləri qoruduğunu əsas gətirirlər. Maddə 7 və 18-ə görə Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən, o cümlədən təhsil sistemindən ayrıdır. Dövlət ümumi təhsil müəssisələrində təhsilin dünyəvi xarakter daşıması qanunla təsbit edilib. 25-ci maddə isə bərabərlik hüququ verir: Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial-iqtisadi, dini və ya regional fərqlilikləri aradan qaldırmaq, hamı üçün bərabər təlim mühiti yaratmaq məqsədi daşıyır. Tənqidçilərin və inanclı valideynlərin mövqeyi isə fərqlidir. Qərarı tənqid edən ictimai qruplar və bəzi hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər dolayısı ilə vətəndaşların hüquqlarını sıxışdırır. Əgər geyim elementinə, məsələn, hicaba görə bir şagird məktəbə buraxılmırsa, bu, onun Konstitusiyanın 42-ci maddəsi ilə təmin edilən icbari pulsuz ümumi orta təhsil almaq hüququnun pozulmasıdır. Konstitusiyanın 48-ci maddəsi isə fərdi azadlıq və inancın ifadəsi hüququ verir. Bu maddəyə görə hər kəsə öz dininə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək hüququ verilib. Baş örtüyü geyinməyi dini vəzifə hesab edən şəxslər üçün bu qadağa onların vicdan və inanc azadlığına birbaşa müdaxilə kimi qəbul olunur.
Dünyada isə bu məsələyə fərqli yanaşmalar mövcuddur. Məsələn, Fransa kimi radikal dünyəvilik modelini seçən ölkələrdə dövlət məktəblərində hər hansı dini rəmz və geyim qəti qadağandır. Lakin şagirdlər kiçik, gözəçarpmayan rəmzlər, məsələn geyimin altından kiçik kulonlar taxa bilər. Amma Böyük Britaniya və ABŞ kimi daha liberal modellərdə vahid məktəbli forması tətbiq edilsə də, şagirdlərin dini geyimlərinə tolerant yanaşılır.
Yeni qərar sosial bərabərliyi təmin edir
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənlinin mövqeyi belədir ki, bu qərar məktəblərdə hicab və digər dini geyim elementlərinin qadağan olunması deməkdir:
– Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı son qərarı ictimaiyyətdə müxtəlif yorumlara səbəb olsa da, məsələyə hüquqi və pedaqoji aspektdən baxılmalıdır. Birincisi, Azərbaycan Respublikasının Konstitusiyası və “Təhsil haqqında” qanuna əsasən dövlət təhsil müəssisələrində təhsil dünyəvi xarakter daşıyır. Qərarda qeyd edilən “dünyəvilik prinsipinə uyğun olmayan geyim elementləri” ifadəsi də məhz bu qanun bazasına söykənir. Bu, təhsil mühitinin hər hansı dini simvoldan, fərqlilikdən azad olması və şagirdlər arasında sosial-dini və psixoloji ayrı-seçkiliyin qarşısının alınmasını hədəfləyir. Məktəb fərdi etiqadların nümayiş olunduğu yer yox, bərabər imkanların təmin edildiyi elm və tərbiyə ocağıdır. İkincisi, vahid geyim forması şagirdərin intizamını, məktəbə aidlik hissini formalaşdırrı və sosial bərabərsizlik görüntüsünü bir növ aradna qaldırır. Bu qərarda vurğulanan əsas məqamlardan biri də budur ki, vahid məktəbli geyimi forması pozulmamalıdır. Dini geyim elementləri və ya standartlardan kənar hər hansı detal vahidliyi pozduğu üçün yolverilməz hesab edilir. Diqqət edilməli üçüncü məsələ milli-mənəvi dəyərlərlə bağlıdır. Qərarda açıq şəkildə qeyd olunur ki, məktəbin Pedaqoji Şurasının qərarı ilə xüsusi tədbirlərdə milli geyim və elementlərdən istifadə oluna bilər. Bu da onu göstərir ki dövlət milli-mənəvi dəyərlərə, mədəni irsə açıqdır. Lakin gündəlik dərs prosesində standartlaşmış dünyəvi intizam əsas götürülür. Nəticə etibarilə əsas məsuliyyət məktəbin pedaqoji şurasının və valideynlərin üzərinə düşür. Valideynlər övladlarının geyim qaydalarına riayət etmələrini təmin etməli, məktəb rəhbərliyi isə prosesin pedaqoji etika və qanun çərçivəsində idarə olunmasına cavabdehdir. Məqsəd kiminsə hüququnu məhdudlaşdırmaq deyil, təhsil müəssisələrində vahid, dünyəvi və sağlam tədris mühitini qorumaqdır.
Bizə baş örtüsü problemi lazım deyildi
Şair, yazıçı-publisist Arzu Əsəd hesab edir ki, dünyada qlobal proseslər, önəmli dəyişikliklər getdiyi bir zamanda ilk baxışda vicdan azadlığı kimi çox məsum görünən, əslində isə 20-ci əsrdə mühafizəkar siyasi islamın əsas simgəsi və bəhanəsi olaraq əhalinin dini kəsimini qızışdıraraq bir çox ölkələrdə qarışıqlığa səbəb olan “baş örtüsü” kimi mövzularda tədbirli olmaq, kənar qüvvələrin əlinə bəhanə verəcək heç bir qeyri-müəyyən bəyanların edilməsinə yol verilməməlidir. Çox önəmli problemlər qarşısında başımızın hayında olduğumuz bir zamanda bizə bu sini şəkildə sırınmaq istənilən “baş örtüsü” problemi qətiyyən lazım deyil.
Cəmiyyətdə süni qarşıdurma yaratmaq istəyirlər
Ağ Partiya sədri Tural Abbaslı məktəblərdə dünyəvilik prinsipi adı altında hicablı şagirdlərin sıxışdırılmasını Konstitusiyaya zidd addım hesab edir. T.Abbaslı bundan əvvəl Sumqayıt şəhərindəki 17 saylı orta məktəb rəhbərliyinin hicablı şagirdləri çağıraraq onlara “niyə başını baölamısan, gənc qızsan, kim səni məcbur edir” tipli suallar verərək təzyiq göstərdiyi barədə valideynlərin ona müraciət etdiyini bildirmişdi: – Niyə belə edirsiniz, hansı qanuna əsaslnaraq soruşduqda deyirlər ki, onlara belə göstəriş verilib. Kim tərəfindın, niyə? Bu, bizə Türkiyənin 1980-90-cı illərini xatırladır. “İkna odaları” vardı, baş örtülü xanımlara orada təlqin etməyə çalışırdılar ki, başını açsın, hicabdan imtina etsin. Vaxtilə Tükiyə cəmiyyətində kıskin qarşıdurmaya səbəb olmuş bu cür sosial problemləri indi bizə transfer etməyə çalışırlar. Azərbaycan müsəlman ölkəsidir. İstənilən xanım başını bağlayıb işə, məktəbə, universitetə, hara istəsə gedə bilər. Bu, Konstitusiya ilə qorunan hüquqdur. Hasısa məmurun göstərişi ilə bunun edilməsi yolverilməzdir. Əhali arasında nifaq, qarşıdrma yaratmaq istəyirlər. İnsanların inancına, etiqadına dil uzatmaq olmaq. Konstitusiyanın verdiyi hüququ hər hansı qərarla məhdudlaşdırmaq olmaz. Ən ali qanun Konstitusiyadır. Bizdə tərsinədir. Satanizm, şeyntanizmə heç kim heç nə demir, amma müsəlnan görəndə, kimsə islam dininə etiqadını göstərən elementdən istifadə edirsə, onu şeytan nəzərində görürlər. Süni şəkildə dini zəmində qarşıdurma yaratmaq cəhdlərinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır.
Məlahət Rzayeva
DOĞRU.AZ