Məktəbli geyimi, sadəcə bir forma deyil…

13.10.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Məktəbli geyimi, sadəcə bir forma deyil, həm də bərabərliyin, nizam-intizamın və məktəbə, təhsilə olan hörmətin rəmzidir. Məktəbli forması şagirdlər arasında fərqləri deyil, ortaq dəyərləri ön plana çıxarır, vahid məktəb mühitinin formalaşmasında mühüm rol oynayır. Çünki məktəbdə əsas olan geyim deyil, bilik, tərbiyə və gələcəyə gedən yolda atılan addımlardır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir deyib.

F.Nadir bildirib ki, məktəbli formasının digər üstünlüyü şagirdlərdə məsuliyyət hissinin, məktəbə mənsubluq duyğusunun inkişafına kömək etməsidir. Bu geyim valideynlər üçün gündəlik geyim seçimini də asanlaşdırır və məktəb mühitində daha ciddi, səliqəli görünüş yaradır.

“Dinin öz qaydaları, dünyəviliyin də öz qaydaları var. Məktəbə dövlətin müəyyən etdiyi məktəbli formasında gəlmək lazımdır. Dövlət məktəbi ümumi qaydalarla işləyir, hər kəs öz istəyinə görə ayrıca qayda yarada bilməz.

Ölkəmizdə insanlar istədiyi kimi geyinir, dini inancını qoruyub saxlayırlar, lakin məktəbdə vahid geyim formasının tətbiqi tamam başqa məsələdir. Uşaqlar həyatlarının başlanğıcındadırlar, onlar özlərini dərk etdikdən sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Azərbaycanda sabitliyi, tolerant mühiti və milli-mənəvi dəyərləri hədəf alan “hicab” mövzusunun manipulyasiya edilməsi, ictimai-siyasi gərginlik yaratmaq məqsədilə istifadəsinə yönəlmiş cəhdlər narahatlıq yaradır. Uşaqlardan müxtəlif məqsədlər üçün istifadə olunması yolverilməzdir, bu, həm də onların hüquqlarının kobud şəkildə pozulmasıdır”, - deyə o qeyd edib.

Əməkdar jurnalist əlavə edib ki, cəmiyyətimizin mənəvi sütunlarını hədəf alan yad təsirlərə və informasiya manipulyasiyalarına qarşı mədəni irsimizin, adət-ənənələrimizin və sağlam ictimai rəyin düzgün formalaşdırılması olduqca zəruridir. Maarifləndirici layihələr və milli dəyərləri aşılayan media məhsulları vasitəsilə gənc nəsli xarici ideoloji təxribatlardan qorumaq hər birimizin vətəndaşlıq borcudur. Milli-mənəvi irsimiz, adət-ənənələrimiz, ortaq dəyərlərimiz və ictimai həmrəyliyimiz yad ideoloji təsirlərə qarşı ən etibarlı vasitədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью